Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçirilmişdir
Paylaş:
19 sentyabr tarixində Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçirilib. BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun rəhbəri olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sədrliyi ilə keçirilən konfransda Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın məsul şəxsləri , BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) , BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiya-nın (UNESCAP) nümayəndələri iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova salamlama nitqindən sonra ölkə üzrə qadın sahibkarlığının mövcud vəziyyəti və bununla bağlı həyata keçirilən dövlət siyasətindən bəhs edib. Komitə sədri bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. O, bildirib ki, ölkəmizdə qadınların fəallığının və potensialının artırılması üçün davamlı olaraq milli qanunvericilik sistemində islahatlar aparılır. “Nəzərinizə çatdırım ki, ölkəmizdə qəbul olunan bütün qanunların gender ekspertizası aparılır. Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də, Strateji Yol Xəritəsindən irəli gələrək, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranmışdır. Ümumiyyətlə, qəbul olunan hər bir dövlət proqramında gender komponenti öz əksini tapmışdır”. Komitə sədri qeyd edib ki, sahibkarlığın, xüsusi ilə, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasının asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. 2018-ci ildə qadın sahibkarların sayı artaraq 35% təşkil edir. Bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi davam edir. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bununla bağlı Azərbaycanın hər bir bölgəsində Qadın Resurs Mərkəzləri yaradılıb. Burada maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Xüsusilə, kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, əsasən də banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Müntəzəm olaraq “Qadın mütəxəssislərin hazırlanması və Azərbaycanın regionlarında qadın sahibkarlığının inkişaf etdirilməsi layihəsi çərçivəsində “”Maliyyə savadlılığı” və “Öz biznesini başla və təkmilləşdir” mövzusunda xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş və Əmək Yarmarkaları reallaşdırılır. Ölkədə vətəndaşlara daha tez və operativ xidmətlərin göstərilməsi sahəsində davamlı olaraq yeni layihələr reallaşır. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Fərmanın əsasında yaradılacaq "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) dir. DOST- un əsas məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
İclasın gündəliyində olan mövzulardan biri 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ölkənin nümayəndələrinin qadınların iqtisadi imkanlarının genişləndirilməsi və gender bərabərliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən siyasətlər haqqında müzakirələr aparılmışdır. Dayanaqlı İnkişaf Məqsədlərinin Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaqla bağlı olan 5-ci məqsədində 2030-cu ilədək bütün qızların və qadınların bütün sahələrdə bərabərliyinin təmin edilməsi hədəfə alınıb. Ölkə üzrə məruzəçilər bildiriblər ki, xüsusilə, Dayanıqlı İnkişaf Məqsədlərinə Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi hər bir ölkə siyasətinin mühüm prioritetlərini təşkil etməlidir. Bundan əlavə 5-ci məqsədlə yanaşı 1, 2, 4, 8, 9, 10 -cu məqsədlər də genderlə bağlı hədəfləri özündə ehtiva edir. Belə ki yoxsulluğun aradan qaldırılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır.
Daha sonra qadınların iqtisadi gücləndirilməsinin istiqamətində gələcək strategiyalar müzakirə edilib, ölkələr üzrə təcrübələr təqdim olunub. Özbəkistandan iştirak edən nümayəndə Azərbaycanın qadın sahibkarlığı, xüsusilə də kəndli qadınlar arasında sahibkarlığın inkişafında əldə etdiyi uğurları təqdir edərək, Azərbaycan təcrübəsinin Özbəkistanda da tətbiq edilməsini təklif edib.
Həmçinin Komitə sədrinin Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri xanım Delbar Nazari ilə əməkdaşlıq çərçivəsində ikitərəfli görüşü nəzərdə tutulur.