Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Azərbaycan qadını: tarixilik və müasirlik" mövzusunda yazı müsabiqəsi elan edir

30 aprel 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında "Azərbaycan qadını: tarixilik və müasirlik" mövzusunda yazı müsabiqəsi elan edir.

 Müsabiqənin şərtləri aşağıdakılardır:

-  Müsabiqədə yalnız müvafiq KİV-də (qəzetlər, jurnallar, agentliklər və “online” saytlar) işləyən və ya mütəmadi əməkdaşlıq edən jurnalistlər iştirak edə bilərlər;

-   Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;

-   Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;

- Məqalənin sonunda müəllifin adı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim olunduğu qeyd olunmalıdır;

- Məqalə Microsoft Word proqramında yığılmalı, 14 ölçülü Times New Roman şrifti ilə yazılmalıdır. Həcmi minimum A4 formatında 3 səhifə olmalıdır.

Layihə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Qiymətləndirmə meyarları: 

-  Məqalədə real hadisə və faktlara istinad edilməlidir;

-  Material mövzunu dolğun əhatə etməlidir;

-  Araşdırma keyfiyyətli olmalıdır;

-  Oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsi nəzərə alınmalıdır;

-  Məqalə peşəkar səviyyədə yazılmalı və orijinal sərlövhə ilə diqqəti cəlb etməlidir;

-  Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum çox oxucuya çatdırılması arzuolunandır.  

 

Müsabiqə 14 iyun - 14 iyul tarixlərini əhatə edir.

Müsabiqədə iştirak edən şəxslər məqalənin dərc olunmuş variantını (əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını) və ya “online” variantının linkini əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa təqdimatla (CV), foto ilə birlikdə komiteinfo@gmail.com  e-mail ünvanına göndərməli, məktubun mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.

Müsabiqə ilə bağlı əlavə suallar olarsa, 498 80 93 nömrəsinə müraciət edə bilərsiz.

Məqalələr və müvafiq məlumatlar dərc olunduğu gündən etibarən 10 iyul 2018-ci il tarixinə qədər (həmin gün də daxil olmaqla) göstərilən ünvana göndərilməlidir. 

Qaliblərin adları 18 iyul 2018-ci il tarixində Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə elan olunacaq. Qaliblərə müvafiq mükafatlar və diplomlar təqdim ediləcək.