Bakı şəhəri Ekspo 2025 Ümumdünya sərgisinin namizədlik prosesinin finalçıları arasında
Paylaş:
Ümumdünya EKSPO sərgilərinin fəlsəfəsi Azərbaycanda təcəssüm edir və dəyərlərimiz, həmçinin tariximiz EKSPO hərəkatının dəyərləri və tarixinə olduqca münasibdir. Ölkəmiz bir çox din və mədəniyyətlərin cəmləşdiyi məkan olmaqdan qürur hissini keçirir. Əsrlər boyu Azərbaycan qitələrin və mədəniyyətlərin astanasında yer tapmış, müxtəlif təbəqələrə aid olan insanları bir araya gətirmişdir.
“EKSPO 2025 Bakı” ümumdünya sərgisi iki yeni ünsürün təklif edildiyi innovativ və rəqabət qabiliyyətli layihədir: indiyədək tədqiq edilməmiş (və keçirilmiş EKSPO sərgilərində müraciət edilməmiş) ümumbəşəri insan kapitalı mövzusu və ümümdünya EKSPO sərgiləri üçün alternativ məkan.
Zəngin mədəniyyətə malik olan və müasirləşən bir ölkə kimi Azərbaycan, dünyamızı yaşamaq üçün daha yaxşı məkana çevirmək üçün insan bacarığının ən münasib səpkidə tətbiqi yollarını araşdırmaq məqsədilə dünya xalqlarını bir araya gətirəcək.
Məlumat üçün bildiririk ki, Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi tərəfindən hesabatı dərc edilmişdir. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilmişdir. 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu qürurla bəyan edir ki, Bakı şəhəri növbəti mərhələyə keçmiş və finala doğru irəliləməkdədir.
Bakı EKSPO 2025 ümumdünya sərgisinə ev sahibliyinə hazırdır və tədbir ölkə miqyasında, xüsusilə gənclər tərəfindən dəstəklənir. Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə böyük dəstək olacaq.