Mətbuat üçün açıqlama

30 iyul 2018

Paylaş:

Bu gün səhər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və adiyyatı üzrə şöbələrin məsul şəxsləri tərəfindən 1969-cu ildə Tovuzda anadan olan Əhmədov Yaşar Məmmədəli oğlu qəbul edilib.


Məlumat üçün bildiririk ki, 3 may 2018-ci il tarixində Tovuz rayonu Bozalqanlı kənd sakini Yaşar Əhmədovun qonşularının kollektiv şəkildə Xəzər televiziyasının “Səni axtarıram" verilişinə edilmiş müraciəti əsasında Y.Əhmədovun ailə problemi ictimailəşdirilmiş və mövzu  ətrafında müzakirələr aparılmışdır (https://www.youtube.com/watch?v=IeLJyP5iudY). Müvafiq məsələ ilə bağlı Xəzər televiziyasının əməkdaşları tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şifahi müraciət olunmuşdur. Müraciətdə Yaşar Əhmədovun həyat yoldaşı Pərvanə Məhəmməd qızı Qarayeva tərəfindən tərk edildiyi, himayəsində 2 azyaşlı uşağın olduğu və onların çətin həyat şəraitində saxlanıldığı bildirilmişdir. Bundan dərhal sonra Komitə tərəfindən Y. Əhmədovla telefon əlaqəsi saxlanılmış və Komitəyə dəvət olunmuşdur. Bir neçə gün ərzində vətəndaş müxtəlif bəhanələrlə
Komitəyə gəlməmiş və telefonunu söndürmüşdür. Məsələ ilə əlaqədar olaraq ətraflı məlumat əldə etmək məqsədilə Komitə tərəfindən 4 may 2018-ci il tarixində 2-499/18 nömrəli məktubla Tovuz rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. 16 may 2018- ci il tarixində Tovuz rayon icra hakimiyyəti tərəfindən müraciətə cavab olaraq hazırda uşaqların Gəncə şəhərində ananın himayəsində yaşadıqları və İcra Hakimiyyəti tərəfində müntəzəm olaraq P.Qarayeva ilə əlaqə  saxlanıldığı bildirilmişdir.


Komitə tərəfindən aparılan araşdırma əsasında məlum olmuşdur ki, vətəndaş Yaşar Əhmədov Samux rayon sakini P.Qarayeva ilə qeyri rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki övladları, Hüseyin və İsmayıl Əhmədovlar doğulmuşdur. Ailə münaqişəsi zəminində baş vermiş hadisələr əsasında P.Qarayeva uşaqları atanın himayəsində qoyaraq evi tərk etmişdir. Öz növbəsində, içki aludəçisi olan Y.Əhmədov uşaqlara laqeyid yanaşmış, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək uşaqları uşaq evinə yerləşdirmək istədiyini bildirmişdir. Edilmiş müraciət əsasında aidiyyəti üzrə məsələnin həlli istiqamətində işlərin aparılması məqsədilə Tovuz rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. Məsələ ilə bağlı İcra Hakimiyyətinin hüquqi məsələlər üzrə iş şöbəsi məşğul olmuş, lakin, uşaqların heç bir sənədləri olmaması səbəbindən onları uşaq evinə yerləşdirmək mümkün olmamışdır. Belə olduqda, vətəndaşa atalığın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmiş və müvafiq köməklik göstərilmişdir. Lakin, Yaşar Əhmədov Məhkəmə tərəfindən müəyyən olunmuş tarixlərdə Məhkəmə iclasına gəlməmiş və məsələ öz həllini tapmamışdır. Nəticədə atanın himayəsində qalan uşaqlar daha da baxımsız vəziyyətə düşmüşdür. Hadisənin şahidi olan qonşular tərəfindən “Səni axtarıram” verlişinə edilmiş müraciət əsasında uşaqlar Kəmalə Ağazadənin rəhbərlik etdiyi “Azərbaycan Uşaqlar Birliyi” Qeyri-hökumət təşkilatının Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdir. Məsələ ictimailəşdikdən dərhal sonra ana P.Qarayeva mərkəzə gedərək uşaqları götürmüş və yaşadığı ünvana aparmışdır. Ana hazırda Gəncədə işləyir və uşaqlar onun himayəsindədir. Hazırda bu məsələ Komitə tərəfindən nəzarətə götürülüb, tam həll olunana qədər nəzarət davam etdiriləcəkdir.