“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Xətai rayonunda keçirilib
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə həyata keçirilən “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 11 iyul 2018-ci il tarixində Xətai Rayon İcra Hakimiyyəti ilə birgə, Əhmədli və Xətai rayon Bələdiyyəsi üzvlərinin, ictimai birlik və təşkilatların, ümumtəhsil müəssisələrinin, səhiyyə ocaqlarının nümayəndələrinin iştirakı ilə Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.
Tədbirdə qonaqları salamlayaraq çıxış edən Xətai RİH başçısının müavini Jalə Abdıyeva ailə məsələlərinə, gənc ailələrə dair maairfləndirmə tədbirlərinə hər zaman ehtiyac duyulduğunu qeyd edib, rayon ərazisində mütəmadi olaraq bu cür tədbirlərin keçirildiyini vurğulayıb. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ailələrimizin, milli-mənəvi dəyərlərimizin ən böyük sərvətimiz olduğunu nəzərə çatdıraraq qeyd edib ki: ”Sosial-mənəvi mühitin saflığının və əxlaqi dəyərlərin qorunması, gələcək nəslə ötürülməsi müasir dövrün qlobal problemlərindən biridir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik. Azərbaycan ailələri möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçilib, lakin buna baxmayaraq, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar”.
Ailə siyasətinin həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu qeyd edən A.Sofiyeva onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadə ailə ilə bağlı bütün məsələlərin hər zaman ölkə rəhbərliyi və cəmiyyət tərəfindən prioritet olaraq qəbul edildiyini, hər zaman ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət tərəfindən lazimi, məsuliyyətli addımlar atıldığını vurğulayıb.
Daha sonra “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə Xətai rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, Xətai rayonunun din xadimi Hacı Murad, Xətai rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə, Xətai rayon qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Leyla Süleymanova çıxış ediblər.
Tədbirin sonunda Dövlət Komitəsi tərəfindən hazırlanaraq çap edilən 65 ildən çox birgə ailə həyatı sürən ailələrə həsr edilən “Azərbaycan ailəsi” kitabı Xətai Rayon İcra Hakimiyyətinin kitabxanasına və kitabda Xətai rayonunu təmsil edən 2 uzunömürlü ailəyə təqdim edilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.