Azərbaycan Dövlət Pedoqoji Universitetində Səbail rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilmişdir

24 aprel 2014

Paylaş:

“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı maarifləndirmə layihəsinin növbəti tədbiri 24 aprel 2014-cü il tarixində Səbail rayon ağsaqqalarının və ağbirçəklərinin iştirakı ilə keçirilmişdir. 

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti  başçısının müavini Xalidə Bayramova,  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Elmi İşlər üzrə Prorektoru Vilayət Əliyev və təhsil ocağında təhsil alan gənclər iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedoqoji Universitetinin Elmi İşlər üzrə Prorektoru Vilayət Əliyev tədbir iştirakçılarını salamlayaraq, hər bir xalqın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında ailənin böyük rol oynadığını bildirmişdir.

Daha sonra çıxış edən, Komitənin sədr müavini Aynur Sofiyeva son dövrlərdə ölkə başçısı tərəfindən imzalanan fərmanlarda ailə siyasətinə böyük önəm verildiyini vurğulamış, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac olduğunu söyləyərək, sağlam cəmiyyətin əsasında sağlam ailələrin durduğunu qeyd etmiş və  Komitənin bu istiqamətdə gördüyü işlər barədə məlumat vermişdir.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova çıxışında bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, gəncləri müzakirələrdə aktiv olmağa dəvət etmişdir.

Tədbirdə həmçinin Əməkdar müəllim Bela Cəlilova, Qadınlar Cəmiyyəti Səbail rayon təşkilatının sədri Rəfiqə Qazıyeva, ADPU-nin dosenti Həqiqət Hacıyeva, universitetin kafedra müdirləri İramin İsayev, Müseyib İlyasov, Elmi kitabxananın direktoru Azər Hüseynov, I kurs tələbəsi Aytac Fərzəliyeva, universitetin tələbə gənclər təşkilatının sədri Sahil Qələndərov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, universitetin elmi katibi Laçın Həsənova, filologiya fakultəsinin dekan müavini Pəri Paşayeva və başqaları çıxış edərək mövzunun aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər. Müzakirələr əsnasında təkliflər səslənmiş və fikir mübadiləsi aparılmışdır. Sonda Universitetin kitabxanasına Komitə tərəfindən hazırlanmış məlumatlandırma vəsaitləri təqdim olunmuşdur.