Komitədə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Paylaş:
Laos Xalq İnqilabı partiyası Mərkəzi Komitəsinin üzvü, Xarici Əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 22 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakının görüşü baş tutub.
Görüşdə eyni zamanda, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin kabinet müdiri cənab Kampan Anlavan, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin Avropa və Amerika şöbəsinin baş direktor müavini xanım Siripon Kuhatep, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin Avropa və Amerika şöbəsinin baş direktor müavini cənab Senqpakan Vantanuvon, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin Avropa və Amerika şöbəsinin rəsmisi cənab Vankam Petpayvan, Laos Xalq Demokratik Respublikasının Rusiyadakı səfiri cənab Petvorasak Siviengpe və Dövlət Komitəsinin əməkdaşları iştirak edib. Eyni zamanda, görüşdə AP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarlar, beynəlxalq konvensiyaların hazırlanmasında ölkənin təcrübəsi və digər məsələlər üzrə qonaqlara məlumat çatdırıb və qeyd edib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququnun verilməsinin də 100 illiyi qeyd edilir. Eyni zamanda, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitənin (CEDAW) ölkəmizə verdiyi tövsiyələrdən danışan Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu istiqamətdə Azərbaycanın gördüyü işlər haqqında məlumat verib.
Hicran Hüseynova müasir Azərbaycanda qadınların bütün sahələrdə təmsil olunduğunu qeyd etib. Xüsusilə də, dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında, sərhəd xidmətində, səhiyyə, təhsil, tikinti, siyasi, bələdiyyə sistemlərində qadınların təmsilçiliyi haqqında qonaqlara ətraflı məlumat verib.
Komitə sədri ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin prioritet istiqamətlərdən olduğunu deyib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını qeyd edib.
Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, ötən gün Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanmasının əhəmiyyətini vurğulayıb. Sounton Sayaçak bildirib ki, vaxtilə Bakıda təhsil almış laoslular sırasında o, özü də olub. Qeyd edib ki, həmin vaxtdan keçən illər ərzində Bakı çox dəyişib və daha da gözəlləşib. O, Azərbaycanın dinamik inkişafının Laos xalqını sevindirdiyini söyləyib. O, ölkədə qadın hüquqlarının müdafiəsi, qadınların parlamentdə təmsilçiliyi (27.5%) və ailə siyasəti haqqında ətraflı məlumat verib. Eyni zamanda, Laosda “Qadınlar Birliyinin” və ailə mədəniyyətinin inkişafı istiqamətində mühüm layihələr haqqında məlumatı çatdırıb. Vurğulayıb ki, Laos və Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsi Azərbaycan ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır.
Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, həyata keçirilən müvafiq layihələrdə səmərəliliyin artırılması ilə bağlı müzakirələr aparılıb.