“Tütünçəkmənin və narkotiklərin insan orqanizminə mənfi təsiri” mövzusunda tədbir Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecində keçirilib.
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında maarifləndirilməsi istiqamətində layihələr həyata keçirilir.
Bu istiqamətdə növbəti tədbir 21 may 2018-ci il tarixində saat 11:00-da Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Təhsil nazirliyinin tabeliyində olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecində təhsil alan kollecin oğlan tələbələri üçün keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülmüş işlərdən danışıb, eyni zamanda xüsusilə aktual olan məişət zorakılığı, erkən nikah, insan alveri, qan qohumluğunun fəsadları barəsində tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Hədəf” filminin nümayişi böyük diqqətlə izlənilib.
Sonra çıxış edən ictimai səhiyyə mütəxəssisi, sosioloq Fərid İsrafilzadə “Zərərli vərdişlərə yox deyək” mövzusunda təqdimatla çıxış etmişdir. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, reproduktiv sağlamlıq barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub.