Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Ailə Bayramı” Quba rayonunda keçiriləcəkdir

21 may 2018

Paylaş:

 

           Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, şəhər və rayon icra hakimiyyətlərinin dəstəyi ilə 2008-ci ildən etibarən 15 may Beynəlxalq Ailə günündə (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə  əsasən) Respublikamızın regionlarında “Ailə Bayramı” keçirilir.  9 il ərzində bayram Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki, Abşeron, Şəmkir rayonunda keçirilmişdir. Növbəti “Ailə Bayramı” 23 may 2018-ci il tarixində Quba rayonunda keçiriləcəkdir. Ailə Bayramının keçirilməsində əsas məqsəd Azərbaycan ailələrinin adət-ənənələrinə, dəyərlərinə və həmçinin ailələrin problemlərinə diqqət yönəltmək, ailələrin şən, maraqlı, yaddaqalan bir gün keçirməsini təmin etməkdir.

           Ənənə halını almış bayrama bu il də, 4 nominasiya üzrə (“Bacarıqlı əllər”, “Milli mətbəx”, ”Yaradıcı ailə”, “Nümunəvi ailə”) Respublikamızın bütün şəhər və rayonlarından icra hakimiyyətləri tərəfindən seçilmiş ailələr iştirakçı qismində qatılacaqlar. İlk dəfə olaraq bu il, 6 nominasiya üzrə (“Bacarıqlı əllər”, “Milli mətbəx”, ”Yaradıcı ailə”, “Nümunəvi ailə”, “İntellektual oyun”, “İdman yarışı” ) qalib gələn ailələrin mükafatlandırılması nəzərdə tutulmuşdur. Bayram zamanı müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə veriləcək, maraqlı və əyləndirici oyunlar keçiriləcəkdir.

         Bayrama qonaq qismində ictimaiyyətin tanınmış xadimləri, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdur.

         Tədbirin əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.