“Ailəliklə kitabxana” layihəsinə start verildi

16 may 2018

Paylaş:

“Ailəliklə kitabxana” layihəsinə start verildi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 15 May “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” adlı konfrans keçirilib. Konfransda ailədə mütaliə ənənəsinin təbliği və gücləndirilməsi, ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə kitabxanaya” layihəsinə start verilib.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq 15 May “Beynəlxalq Ailə Gününün” qeyd olunması barədə məlumat verib. Aynur Sofiyeva ölkəmizdə ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğunu bildirib və ailənin sosial müdafiəsi, gənc ailələrə qayğı sahəsində görülən işlərdən bəhs edib. Bununla yanaşı, qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailəliklə kitabxanaya” layihəsinin yeni layihə olduğunu bildirən
Aynur Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində hamını fəal olmağa çağırıb. Layihə çərçivəsində həyata keçiriləcək müsabiqələr, maarifləndirici aksiyalar barədə söhbət açan Aynur Sofiyeva ailələri birləşdirən bir məkan kimi kitabxanaların nəzdində yaradılacaq Ailə klubları barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru
Oktay Səmədov layihənin əhəmiyyətindən bəhs edərək, mütaliənin insan həyatında vacibliyindən danışıb. Ailə üzvləri arasında olan ünsiyyət mövzusuna toxunan
Oktay Səmədov ailəliklə kitabların müzakirəsinin bu ünsiyyətin qurulmasındakı önəmindən bəhs edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı layihənin təşkilatçılarına öz təşəkkürünü bildirib. Məlahət İbrahimqızı kitabların və kitabxanaların ailənin bir məkanda birləşməsində aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini vurğulayıb.

“Ailəliklə kitabxanaya” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Mövzu ilə əlaqədar Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosent əvəzi Nigar İsmayılova, uşaq yazarı Reyhan Yusifqızı Şıxlinskaya, “Ailə,modern və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Dan Beynəlmiləlçi Gənclər” İctimai Birliyinin sədri Gülarə Teymurova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Yusif Musayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftalıyeva mövzu ətrafında çıxışlar edərək, mütaliənin insan həyatında rolundan bəhs ediblər.

           Sonda mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.