Məktəbli könüllülər tənha yaşayan ahıllara baş çəkərək qayğı və diqqət göstərdilər

1 oktyabr 2015

Paylaş:

1 oktyabr Beynəlxalq Ahıllar günü BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamədə qəbul edilib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il 1 oktyabr bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. 22 iyun 2001-ci il tarixdə isə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

Ahılllar Günü münasibətilə regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə UADMləri ağsaqqal və ağbirçəklərlə uşaqların görüşünü təşkil ediblər. Görüşdə çıxış edən edən yaşlı nəslin nümayəndələri uşaqları onların tövsiyyə və məsləhətlərinə qulaq asmağa, həyat təcrübələrindən yararlanmağa çağırıblar.

Ağdam UADM Ağdam rayonunun bir neçə köçkün qəsəbəsində tənha yaşayan ahıl insanlara tibbi xidmət göstərilməsini təşkil edib. Bir qrup məktəbli könüllülər tənha yaşayan ahıllara baş çəkərək, onlara ev və həyət işlərində, gündəlik ərzaqların alınmasında kömək edib, yataq xəstəsi olan ahıllara xüsusi diqqət göstəriblər. Ahıllar məktəblilərin onlara belə yanaşmasına çox məmnun olublar.