“Azərbaycan ailəsi 2018” film festivalına start verilir
Paylaş:
30 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 9-cu “Azərbaycan ailəsi 2018” film festivalına start verilir.
2009-cu ildən etibarən həyata keçirilən və beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.
“Azərbaycan ailəsi 2018” film festivalının və “Həyatdan şəkilə” adlı fotomüsabiqənin keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə və iştirakçılar üçün anket formaları festivalın Təşkilat Komitəsi tərəfindən hazırlanaraq Komitənin rəsmi internet səhifəsində (www.scfwca.gov.az) yerləşdirilib.
Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmləri, sosial çarxlar, televiziya verilişləri, fotoşəkillər və “Xarici film” nominasiyası üzrə xarici rejissorlar tərəfindən təqdim edilən (öz ölkələrinin milli ailə dəyərlərini əks etdirən) filmlər 30 mart 2018-ci il tarixindən–01 oktyabr 2018-ci il tarixinədək festivalın Təşkilat Komitəsinə (AQUPDK, Hökumət Evi, 4-cü qapı ünvanı) təqdim edilə bilər. Festivala təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən və aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festival haqqında bütün məlumatlar Komitənin rəsmi internet səhifəsindən (www.scfwca.gov.az) və 493 79 62 əlaqə telefonlarından əldə oluna bilər.
Yaşından asılı olmayaraq cəmiyyət üzvlərini festivalda iştirak etməyə və bütün dünyaya örnəkAzərbaycan ailə modelinin təbliğinə, ailədaxili problemlərin ictimailəşdirilərək həll yollarının tapılmasına töhfə verməyə dəvət edirik.