“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimat mərasimi keçirildi
Paylaş:
5 aprel 2018-ci il tarixində “Hyatt Regency Baku” otelinin Quba zalında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi və “Counterpart İnternational” təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunan “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində millət vəkilləri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Kitab ali təhsil ocaqlarının tələbələri, qadın hüquqlarının müdafiəsi istiqamətində elmi araşdırma aparan gənc tədqiqatçılar, alimlər və jurnalistlər üçün nəzərdə tutulub. Dərs vəsaitində qadın hüquqlarının beynəlxalq və milli hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, qadın və insan hüquqlarının regional müdafiə mexanizmləri, müvafiq istiqamətdə Azərbaycan Respublikasının milli qanunvericiliyi, qadınların siyasi, əmək, təhsil və digər hüquqları, cinayət, cinayət-prosessual və cəza icra hüququnda qadın hüquqları, qadınların məişət zorakılığından müdafiəsi, qadın və qızların reproduktiv hüquqları, qadın hüquqlarının daxili və xüsusi milli müdafiə vasitələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları: qadınlar və uşaqlar, silahlı münaqişələr zamanı qadın hüquqlarının müdafiəsi, soyqırım və silahlı münaqişələr zamanı qadına qarşı cinsi zorakılıq və digər müvafiq mövzularda geniş araşdırmalar aparılıb.
Tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, ümumi insan hüquq və azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri vardır. İstənilən cəmiyyətdə qadın hüquqları müdafiə olunursa, orda bütövlükdə insan hüquqlarının qorunduğunu demək olar. Bu baxımdan qadın hüquqlarının təmin edilməsi, onun cəmiyyətdəki rolunun daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: “Və əlbəttə ki, buna nail olmaq üçün dövlət siyasətinin həyata keçirilməsi ilə yanaşı, nəzəri - metodoloji prinsiplərin müəyyən edilməsi də çox vacibdir. Təqdim olunan “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın əsas məqsədi də qadın hüquqlarının müdafiəsində milli və beynəlxalq səviyyədə mövcud mexanizmlərin təhlil olunması və geniş oxucu kütləsinə çatdırılmasıdır. Eyni zamanda, kitab ali təhsil ocaqlarının tələbələri, qadın hüquqlarının müdafiəsi istiqamətində elmi araşdırma aparan gənc tədqiqatçılar, alimlər və jurnalistlər üçün nəzərdə tutulmuşdur”. Hicran Hüseynova diqqətə çatdırıb ki, tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, eləcə də Müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir. 100 il əvvəl belə bir hüquq əldə etməklə biz bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırıq.”
Dövlət Komitəsinin sədri bildirib ki, xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ümummilli Liderimiz Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır: “Müstəqilliyimizi ikinci dəfə əldə etdikdən sonra Ulu Öndərin rəhbərliyi ilə qadın hərəkatının yeni mərəhləsi başlandı. Məhz onun təşəbbüsü və dəstəyi ilə Azərbaycan bir sıra beynəlxalq Konvensiyalara qoşuldu, qadın hüquqlarını müdafiəsi dövlət siyasəti səviyəsinə qaldırıldı. 2006-ci ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” Qanun kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə ilsə daha bir cəsarətli addım ataraq “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu. Və əlbəttə ki, qeyd etmək lazımdır ki, bu Qanunun qəbul olunmasında Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Onun xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr qadınların sosial - iqtisadi və ictimai həyatda aktiv iştirakına müsbət təsir göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar nəticəsində əldə edilən nailiyyətlər ailələrin, o cümlədən, qadınların yaşayışına, cəmiyyətdə aktiv iştirakına müsbət təsir göstərir. Elə təqdim olunan bu kitabda da dövlətimizin insan hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi uğurlar və sosial hüquqlarının təminatı məsələləri öz əksini tapıb”.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis qadınları onların hüquqları barədə məlumatlandırmağın əhəmiyyətindən danışıb: “Öz hüquqlarını bilmək qadınlara və qızlara cəmiyyətin tam hüquqlu üzvləri olmaq, habelə vacib siyasi qərarların qəbul edilməsində iştirak etmək və öz icmalarını yaxşılaşdırmaq üçün öz bacarıqlarını istifadə etmək imkanı verən mühüm amillərdəndir”. O, Azərbaycanda qadın hüquqları ilə bağlı hələ ötən əsrin əvvəlindən ciddi addımlar atıldığını təqdir etdiklərini bildirib. O, qadınların təqdim olunan kitabdan öz hüquqları barədə mükəmməl məlumatlanacaqları vəsait kimi istifadə edə biləcəklərini deyib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, qadın hüquqlarının müdafiəsi, xüsusən qadınların vətəndaş və siyasi hüquqlarının tanınması uğrunda aparılan mübarizə və bu proses çox uzun yol qət etmişdir. Bununla belə, cəsurluq, humanistlik, fədəkarlıq nümunələri ilə zəngin olmuşdur: “Biz feminist, sufrajist hərəkatını, ABŞ-da qadınların mülkiyyət hüquqlarının və ləyaqətinin qorunması uğrunda mübarizəni, Britaniya və Avropada onların əmək hüquqları uğrunda səylərini xatırlayırıq. Tarixi müqayisələr bir daha bizə xatırladır ki, bu proseslər necə çətin və mürəkkəb olmuşdur. 1993-cü ildə Vyanada İnsan Haqları üzrə Beynəlxalq Konfransada ilk dəfə bəyan edildi ki, insan hüquqları, qadın və qızların hüquqları ümumi insan hüquqlarının ayrılmaz, bölünməz tərkib hissəsidir. Beləliklə 2 əsr sonra 1789-cu ildə Fransada qəbul olunan İnsan və Vətəndaş Hüquqları Deklarasiyasında yol verilmiş ayrı-seçkilik aradan götürüldü. Bununla bağlı qürurla qeyd etməliyik ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokartik respublika kimi yaradılan Azərbaycan Xalq Cümhuriyyəti hələ o zaman qadınlara seçki hüququ vermiş və öz zəmanəsinin novatorlarından biri olmuşdur”.
Əliməmməd Nuriyev qeyd edib ki, biz hamımız biz yerdə səylərimizi birləşdirərək Azərbaycan təcrübəsində çox unikal bir nümunə yaratdıq. Vətəndaş cəmiyyəti, dövlət qurumları və alimlərin iştirakı ilə dərs vəsaiti kimi tövsiyə olunan kitab hazırladıq: “Doğurdan bu çox uğurlu nümunə və əməkdaşlıq formatıdır. Bu xarici tərəfdaşlar, vətəndaş cəmiyyəti, dövlət qurumları və universitetlərin, alimlərin əməkdaşlığının necə böyük potensiala malik olduğunu nümayiş etdirir. Bu təcrübə imkan verəcək ki, gələcəkdə bu formatda yeni əməkdaşlıq layihələri həyata keçirək və qadın hüquqlarının qorunması daxil olmaqla cəmiyyətimiz üçün aktual məsələlərin həlli üçün birgə işləyək. Vətəndaş cəmiyyəti olaraq bu təşəbbüslərə hər zaman açığıq, əməkdaşlığa açığıq. Eyni zamanda bu istiqamətdə də öz səylərimizi göstərəcəyik. Vətəndaş cəmiyyəti ilə əməkdaşlıqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Bakı Dövlət Universitetinin çox böyük təcrübəsi uğurları var. Şübhə etmirik ki, bu istiqamətdə hələ çox işlər görəcəyik və birgə uğurlara imza atacağıq”.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev çıxış edərək bildirib ki, qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu gün haqqında danışdığımız kitabda qadınların hüquqlarının qorunması məsələsi həm beynəlxalq, həm də milli aspektlər baxımından geniş təhlil olunmuşdur ki, bu da olduqca əhəmiyyətlidir. Çünki müqayisəli metod hüququn əsasıdır, inkişaf üçün əsasdır. Əmir Əliyev kitabın xarici dillərə tərcümə olunaraq yayılmasını təklif edib.
Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, millət vəkilləri Sahibə Qafarova və Qənirə Paşayeva Azərbaycan milli qanunvericilik sistemində qadın hüquqlarının qorunması məsələsini qeyd edərək, bildiriblər ki, qadın hüquqlarının müdafiəsi hər bir ölkənin inkişafında vacib bir indikatordur. Bu istiqamətdə maarifləndirmə materiallarının, dərs vəsaitlərinin, topluların nəşr olunaraq ictimaiyyətə təqdim olunması çox önəmli addımlardandır.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı, BDU-nun Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müəllimi Pərvanə Bayramova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək, kitab haqqında təəssüratlarının bölüşüb və təkliflərini diqqətə çatdırıblar.