“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tədbir keçirilmişdir.

14 mart 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin  reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, ailə planlaşdırılması və digər mövzular ətrafında maarifləndirilməsi  istiqamətində layihələr həyata keçirilir.

Bu istiqamətdə növbəti tədbir 13 mart 2018-ci il tarixində saat 11:00-da Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Təhsil nazirliyinin tabeliyində olan Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində təhsil alan kollecin qiz tələbələri üçün  keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Həşim Paşayev tədbir iştirakçılarını salamlamış, tədbirin təşkilinə görə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirmişdir.

Daha sonra, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edərək, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində Komitənin fəaliyyəti, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülmüş işlərdən danışmış, ailə zorakılığı, erkən nikah, insan alveri, qan qohumluğunun fəsadları barəsində məlumat vermişdir.   

Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “To be not to be”(“Olum ölüm”) filminin  nümayişi böyük diqqətlə  izlənilmişdir.

Çıxış edən həkim-metodist, ginekoloq Afət Məmmədova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: movcud problemlər və onların həlli” mövzusunda təqdimatla çıxış etmişdir. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilmişdir. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunmuşdur.