8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi

7 mart 2018

Paylaş:

7 mart 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Qadınına  Seçki Hüququ verilməsinin 100 illiyi” münasibəti ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib.

8 mart Beynəlxalq Qadınlar Günü- qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır. Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.

Tədbir ənənəvi olaraq,  rəsmi və bədii hissədən ibarət olub.

Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklillər qoyublar. Görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları “Azad qadın” heykəlinin önünə gül-çiçək dəstələri düzüblər.

 

Tədbir Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Azərbaycan Xalq Cümhuriyyəti – dövründə qadınlar” adlı film nümayiş olunub.

Rəsmi hissədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov tərəfindən ölkə başçısı cənab İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirilib və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək əvvəlcə ölkəmizin bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib və bildirib ki, bizim üçün çox xoşdur ki, bu gün burada ictimai-siyasi fəaliyyəti ilə seçilən xanımlar,  dövlət nümayəndələri, beynəlxalq təşkilatların məsul şəxsləri,  akkreditasiya olunmuş ölkələrin səfirləri iştirak edirlər. Komitə sədri qeyd edib ki, möhtərəm Prezidentimizin respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadına dövlətimizin yüksək mükafatı və fəxri adlarının verilməsi ilə bağlı imzaladığı Sərəncam isə bu gözəl Bayramda ən böyük hədiyyədir. Qadınlarımıza verdiyi belə yüksək qiymətə görə hamımızın adından cənab Prezidentə dərin minnətdarlığımızı bildirirəm. Bu etimad biz qadınları  gələcək fəaliyyətimizdə yeni-yeni nailiyyətlər əldə etməyə ruhlandırır.

Başqa ölkələrə baxanda, Azərbaycanda qadına, onun hüquqlarının müdafiəsinə münasibət fərqlidir. Qadının ailədə, işdə, həm də cəmiyyətdəki layiqli yer tutması dövlətimizin prioritet sahəsidir. Müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, yüksəliş baş vermişdir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qadınlar üçün geniş imkanların  yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi sahəsində çox mühüm işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən, kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hicran Hüseynova diqqətə çatdırıb ki, bu il bizim üçün çox əlamətdardır. Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının və ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir: “Mən sizin diqqətinizi Demokratik Respublikanın Parlamenti tərəfindən qadın və uşaqlarla bağlı müzakirə edilən və qəbul olunan qərarlara çəkmək istəyirəm: 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlər. Bütün bunlar nəyi göstərir? 23 ay mövcud olmasına baxmayaraq, bu dövlət insan hüquqlarına həssas yanaşırdı.”

O deyib ki, Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılması ilə başlasa da, hazırda ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Və mən bildirmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Və bu gün həmin siyasəti Prezident İlham Əliyev daha gücləndirir.”

Komitə sədri Hicran Hüseynova qeyd edib ki, biz qadınları özünəinamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi görmək istəyirik: “Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident İlham Əliyev tərəfindən  Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidentiti Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə  örnəkdir.”

Komitə sədri bildirib ki, bu il bizim üçün digər əhəmiyyətli hadisə qarşıdan gələn prezident seçkiləridir: “Ümumiyyətlə, qadınlarımız ölkədə keçirilən seçkilərdə çox aktiv iştirak edirlər. Təkcə seçici kimi deyil, həm də seçki prosesinin reallaşmasında da fəaldırlar. Namizəd kimi də bələdiyyə və parlament seçkilərində iştirak edir, uğur qazanırlar. Biz qadınların, eləcə də hər bir vətəndaşımızın istəyi nədir? Təhlükəsiz yaşamaq, daim inkişaf etmək, arzularını reallaşdırmaq, cəmiyyətdə özünü təsdiq etmək, ən əsası gələcəyindən arxayın olmaq.  Bütün bunlar  isə o zaman həqiqətə çevrilir ki,  xalqa verdiyi sözü fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının prezidenti kimi təsdiqləyən lideri olsun. Buna görə də mən  qadınlarımızı bu seçkilərdə daha aktiv olmağa, öz seçici vəzifələrini yerinə yetirməyə çağırıram.”

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin əvəzi cənab Alessandro Frakassetti əvvəlcə bütün qadınları həm beynəlxalq qadınlar günü, həm Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi, həm də ölkə başçısının sərəncamları ilə təltif olunan qadınlartı təbrik edib və bu nailiyyətlərin davamlı olmasının arzu edib. O qeyd edib ki, Azərbaycanda qadınlara müxtəlif imkanlar üzrə hər cür imkanlar yaradılmış, xüsusən də qadınların sahibkarlığa cəlb edilməsi istiqamətində mühüm işlər görülür. Alessandro Frakassetti regionlarda yaradılan Qadın Resurs Mərkəzləri haqqında məlumat vərərək, müsbət təcrübələri sadalayıb.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədr müavini, millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışı zamanı bütün qadınları təbrik edib. O bildirib ki, qadınlarımız nə qədər gülürsə, sevinirsə, xoşbəxtdirsə həyatımız bir o qədər mənalı olur, ömrümüz dəyərli olur. 100 il bundan əvvəl seçkilərdə iştirak etmək hüququ qazanmış qadınlarımız müstəqilliyimizdən əvvəl eniş-yoxuşlara baxmayaraq, hər zaman xoşbəxtlik və səadətə can atıb, buna da nail olublar. Fəttah Heydərov qeyd edib ki, bu gün də ölkə başçısı cənab ilham Əliyevin rəhbərliyi ilə qadınlarımızın fəallıq nümayiş etdirmələri, hər bir sahədə layiqincə təmsil olunmaları istiqamətində mühüm addımlar atılır.

Millət vəkili Cümhuriyyət dövründən başlayaraq bu günə qədər Azərbaycan qadının keçdiyi inkişaf yolundan danışıb. 

Daha sonra hər il olduğu kimi bu il də ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar, eləcə də beynəxalq əməkdaşlıq çərçivəsində xarici qonaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.