Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Tehranda beynəlxalq konfransda iştirak edib
Paylaş:
15-18 sentyabr tarixlərində Tehranda keçirilmiş “Davamlı inkişafda qadınların rolu” adlı 2-ci beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın başçılığı altında nümayəndə heyəti iştirak edib.
Konfrans İran İslam Respublikasının Sənaye, Ticarət və Mədən Nazirliyi ilə İran İslam Respublikası Prezidentinin Qadın və Ailə Məsələləri üzrə Müavini xanım Şahindoxt Mollaverdi tərəfindən təşkil edilib.
Tehrana səfər çərçivəsində sədr müavini Sədaqət Qəhrəmanova İran İslam Respublikası Prezidentinin Qadın və Ailə Məsələləri üzrə Müavinin ofisində onun müavini xanım Bastani, hüquq məsələləri üzrə müşaviri xanım Gerani ilə görüş keçirib və hər iki ölkədə qadınların mövcud vəziyyəti müzakirə edilib.
Konfransda müxtəlif ölkələrdən olan nümayəndə heyəti rəhbərləri öz ölkələrindəki qadınların hazırki vəziyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər. “Azərbaycan Respublikasında Qadınların İnkişafı” mövzusunda çıxış edən Sədaqət Qəhrəmanova əvvəlcə tədbirə dəvət üçün təşəkkürünü bildirib. O, ölkəmizdə qadın sahibkarlığının genişləndirilməsi, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına uyğun olaraq qadınların sosial durumunun yaxşılaşdırılmasından, onların ictimai fəallığının yüksəldilməsindən, iqtisadi və sosial həyatda iştirakının təbliği istiqamətində aparılan dövlət siyasətindən, eyni zamanda Heydər Əliyev Fondu başda olmaqla, qeyri-hökumət təşkilatları tərəfindən də dövlət qadın siyasətinin gerçəkləşdirilməsinə böyük əməli töhfə verildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
S. Qəhrəmanova həmçinin Ermənistanın Azərbaycana 20 ildən artıq davam edən hərbi təcavüzü səbəbindən qadın hüquqlarının pozulduğunu, ərazimizin 20%-nin işğal altında olduğunu və bu işğalın nəticəsi olaraq bir milyondan artıq qaçqın və məcburi köçkünün doğma yurdlarından kənarda çətin vəziyyətdə yaşadığını xüsusilə vurğulayıb.
Tədbirin son günü İran qadınlarının əl işlərindən ibarət təşkil olunmuş sərgidə iştirak edən nümayəndə heyəti sahibkar qadınlarla tanışlıq görüşləri keçirilib. Yekunda müxtəlif sahələrdə uğur qazanmış xanımlara mükafatlar təqdim edilib.