İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı çərçivəsində Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın ikitərəfli görüşləri baş tutub

22 fevral 2018

Paylaş:

21-22 fevral tarixləridə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyə Ailə və Sosial Siyasətlər naziri xanım Fatma Betül Sayan Kaya, Mərakeş Krallığının Turizm Nazirliyinin Hava nəqliyyatı, Əl sənətləri və Sosial iqtisadiyyat məsələləri üzrə dövlət katibi xanım Jamila Əl Mossalli, Tunis Respublikasının Qadın, Ailə və Uşaq naziri xanım Neziha Labidi, Mərakeş Krallığının Həmrəylik, Qadın, Ailə və Sosial İnkişaf naziri xanım Bassima Hakkaoui, Fələstin dövlətinin Sosial İnkişaf naziri cənab İbrahim Əl-Shaer, Pakistan Hökumətinin Federal və Peşə Təhsili Nazirliyinin katibi cənab Aamir Ashraf Khawaja, Mali Respublikasının Qadın, Uşaq və Ailə naziri xanım Traore Oumou Toure  ilə görüşləri baş tutub.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova görüşlər zamanı bildirib ki, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsi prioritet istiqamətlərdən birini təşkil edir. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atıldığını, vacib işlər görüldüyünü qeyd edib. O, bildirib ki, uşaqların sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti tərəfindən çoxsaylı layihələr həyata keçirilir, nailiyyətlər əldə olunur. 

Eyni zamanda, görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, ölkəmizdə qadınların müxtəlif sahələrdə, eləcə də, iqtisadiyyatda, biznes təsisatlarında uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycanda qadın sahibkarlığının inkişafına olan dövlət dəstəyini, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib.  Xüsusilə kiçik və orta biznesin inkişafı, qadın resurs mərkəzləri, regionlarda qadın sahibkarlığının gücləndirilməsi haqqında ətraflı məlumatı diqqətə çatdırıb. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri xüsusi diqqətə çatdırıb.

İkitərəfli görüşlər zamanı Komitə sədri diqqətə çatdırıb ki, dövlətimiz müharibə şəraitində yaşayır, torpaqlarımız işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var və onların da əsas hissəsini qadın və uşaqlar təşkil edir, buna baxmayaraq, həssas və risk qrupuna daxil olan təbəqənin cəmiyyətdə öz yerini tutması və rifah halının yaxşılaşdırılması üçün hökumətimiz bütün qüvvəsini səfərbər edir.

Sonda ikitərəfli əməkdaşlığın gücləndirilməsi və digər mövzular haqqında danışıqlar aparılıb.