Xaçmaz rayonunda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

21 sentyabr 2015

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində 21 sentyabr 2015-ci il tarixində Xaçmaz rayonunda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının  müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə imzalanmış “2015–2016–cı illər üçün birgə işin təşkilinə dair Tədbirlər Planı”na əsasən, cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin, cəmiyyətdə və ailədə tolerantlıq mədəniyyətinin təbliği məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə baş tutub.

Tədbirin 1-ci hissəsi Xaçmazda yerləşən Tarix və Diyarşünaslıq Muzeyində keçirilib.

Konfransda Xaçmaz, Quba, Qusar, Zaqatala rayonlarını təmsil edən milli azlıqlar, etnik qruplar və digər millətləri təmsil edən ailələrlə yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə və Dini Qurumlarla iş üzrə Dövlət Komitələrinin rəhbər nümayəndələri, Xaçmaz rayon icra başçısı, beynəlxalq təşkilatların nümayəndələri, dini icma üzvləri və ekspertlər iştirak ediblər.

Tədbirə qatılan AQUPDK və DQİDK-nın rəhbər nümayəndələri, Ombudsman Aparatının, Xaçmaz rayon ictimaiyyətinin, dini icmaların üzvləri və ekspertlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev əvvəlcə bütün iştirakçıları və qonaqları salamlayaraq, Azərbaycanın yüksələn iqtisadiyyatından, sağlam mühitin bərqərar olunmasından danışaraq ölkədə hökm sürən əmin-amanlıq şəraitindən bəhs edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova 21 sentyabr tarixinin hər il olduğu kimi bu il də ölkəmizdə “Beynəlxalq Sülh Günü” kimi qeyd olunmasından bəhs edərək ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələrinin eyni hüquq və azadlıqlara malik  olmasını qeyd edib. Komitə sədri bildirib ki, cənab Prezident İlham Əliyevin və ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində onlarla məscid, kilsə və sinaqoq və digər dini məbədlər əsaslı şəkildə təmir olunub, bərpa edilərək vətəndaşların istifadəsinə verilib. Hicran xanım onu da qeyd edib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır: “Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət,  valideynə  hörmət,  tolerantlıq kimi  xüsusiyyətlərə malikdir. Mən əvvəldə qeyd etdiyim kimi, ölkəmizdə yüzdən çox millət və etnik qrupların, azsaylı xalqların nümayəndələri yaşayır. Öz ailə mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, qarışıq nikahlar da qurulur.  Onların ailə dəyərlərinə hörmətlə yanaşılır və bu dəyərlər geniş şəkildə təbliğ olunur.”

Komitə sədri gənclər arasında tolerantlıq ənənələrinin daha geniş təbliğ olunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini də qeyd edib: ”İlk növbədə maarifləndirmə işini gücləndirməliyik. Xüsusilə, bölgələrdə bunu intensivləşdirmək lazımdır. Bütün rayonlarda Heydər Əliyev Mərkəzləri, Gənclər Mərkəzləri və Olimpiya Kompleksləri var. Çalışmaq lazımdır ki, buraya daha çox gənclər, uşaqlar cəlb olunsun. Yaradılmış şəraitdən və imkanlardan hərtərəfli istifadə etsinlər. Zərərli vərdişlərə, radikal və ortodoksal dini qruplara,  sosial şəbəkələrə aludə olmasınlar.  Fikrimcə,  müvafiq dövlət qurumları, digər sosial təsisatlarla  bərabər, dini məbədlər  və icmalar da bu problemə həssalıqla yanaşmalıdırlar. “

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın dünyaya nümunə olan tolerant ölkə olaraq beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmasından söz açaraq Azərbaycanın dünyada tolerantlıq nümunəsi olduğunu vurğulayıb. O, həmçinin cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi islahatların din sahəsinə olan müsbət təsirini də qeyd edərək dini sabitliyin mövcudluğunu vurğulayıb.

Tədbirdə həmçinin BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, keşiş Konstantin Pominov, millət vəkili Yevda Abramov, Dağ Yəhudiləri Dini İcmasının üzvü Boris Simanduyev, Xaçmaz şəhər məscidinin axundu Yaşar Rzayev, Xaçmaz rayon Veteranlar Şurasının sədri Fərhad Şeydayev və digər möhtərəm qonaqlar da din, mədəniyyət və digər sahələrdə dözümlülüyün əhəmiyyətini vurğulayaraq, mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, tədbirin 2-ci hissəsi isə “Şahzadə” şadlıq sarayında keçirilib və iştirakçı ailələrin təmsil etdikləri xalqların milli, mədəni adət-ənənələrinin nümayişi həyata keçirilib.