Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “UŞAQLAR və MÜHARİBƏ” tədbir keçirildi

20 fevral 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla bağlı 19 fevral 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Uşaqlar və Müharibə” adlı tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl qonaqlar “Uşaqlar və Müharibə” adlı sərgidə nümayiş etdirilən rəsm işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi qonaqlarla yanaşı, 100-ə yaxın Forum nümayəndəsi, Azərbaycanda təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar və qeyri-hökumət təşkilatlarının iştirak ediblər. Tədbir zamanı mövzu ilə bağlı Forum nümayəndələri və Azərbaycanda təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqların birgə təşəbbüsü ilə hazırlanmış kompozisiya nümayiş edilib. Eyni zamanda tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı qeyd edib ki, “XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir. Xalqımız dəfələrlə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.”

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Bəxtiyar Əliyev və Nazirlər Kabinetinin əməkdaşı Abit Tahirli tədbirin əhəmiyyətindən danışıblar. Daha sonra Nigeriya Federativ Respublikasının vətəndaşı, Bakı şəhəri 189-190 nömrəli Tam Orta Məktəbinin 5-ci sinif şagirdi Vivian Eziaşiyi, eləcə də, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun Əlaqələndirmə Şurasının üzvü Toğrul Baxışlı öz ürək sözlərini deyiblər.

Sonda mövzu ilə əlaqədar xaricdə yaşayan uşaqların fikirlərinin əks olunduğu video-material nümayiş olunub.