Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib

6 noyabr 2026 16:48

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə 2-6 noyabr 2026-cı il tarixlərində Mərkəzlərdə və təhsil müəssisələrində tədbirlər keçirilib.

Tədbirlərdə yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində qazanılmış tarixi Zəfərdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqımızın birlik və həmrəyliyindən bəhs olunub. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, hərbçilərimizin şücaəti və fədakarlığı xüsusi vurğulanıb. Zəfər Gününün xalqımızın tarixindəki mühüm yeri və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyəti qeyd olunub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin böyük sevinc hissi ilə dogma yurdlarına qayıtmasından, əzəli torpaqlarımızda həyatın yenidən canlanmasından danışılıb.

Tədbirlərdə şagirdlər tərəfindən qələbəyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib.