“Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlimin açılış mərasimi keçirilib

Paylaş:
“Bir uşağın haqqının qorunması gələcəyin ədalətli və insanpərvər olmasına verəcəyimiz bir töhfədir”
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlimin açılış mərasimində çıxışı zamanı deyib.
Aynur Sofiyeva salamlama nitqi ilə çıxış edərək bildirib ki, bullinq bu gün bütün dünyada təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problem, xüsusən uşaqların hüquqlarını pozan görünməz amma real bir təhdiddir.
Uşaq hüquqlarının qorunmasının, təminatının, eləcə də inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən A.Sofiyeva, ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərin daim gücləndirildiyini və uğurlu nəticələr əldə edildiyini vurğulayıb.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dövlətin uşaq məsələləri ilə bağlı hədəflərinin müəyyələşdirildiyini bildirən Komitə rəsmisi qeyd edib ki, Strategiyadan irəli gələrək bir neçə vacib sənəd layihəsi Komitə tərəfindən hazırlanıb və qəbul olunub.
A.Sofiyeva əlavə edib ki, hazırda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu müasir çağırışlara uyğun olaraq yenidən təkmilləşdirilib və qəbul olunması gözlənilir. Bildirib ki, Qanun uşaqların müdafiəsi, inkişafı istiqamətində önəmli hüquqi bazanı formalaşdıracaq, eləcə də gələcək fəaliyyət üçün önəmli bir mənbə rolunu oyanayacaqdır.
Dövlət Komitəsinin fəaliyyətinin gələcək xəritəsinin müəyyənləşdirilməsində həyata keçirilən təhlil və araşdırmaların əhəmiyyətini vurğulayan sədr müavini, Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğular keçirilərək "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat" adlı tədqiqat hazırlandığını bildirib. Tədqiqatın nətəcələrinə diqqət çəkən A.Sofiyeva əlavə edib ki, effektiv mübarizə üçün hüquqi çərçivələri bilməklə yanaşı, psixoloji biliklər də gücləndirilməli, bu sahədə işləyən mütəxəssislərin bilik və bacarıqları artırılmalıdır.
İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na əsasən çoxistiqamətli əməkdaşlıq həyata keçirildiyindən bəhs edən A.Sofiyeva, qardaş ölkədən dəvət olunmuş ekspert tərəfindən keçiriləcək və iki gün davam edəcək təlimin müvafiq sahədə gözəl nəticələr əldə etməyə kömək edəcəyini bildirib və təlimin işinə uğurlar arzulayıb.
Təlim Türkiyənin Sakarya Universitetinin İnsan və Toplum Bilimləri Fakültəsinin Sosial Xidmət Bölməsinin müəllimi prof. dr. Mehmet Zafer Danış tərəfindən iştirakçılara yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, uşaqların bullinqə məruz qalması, bullinqin növləri və s. haqqında məlumat verməsi ilə davam edib.
Təlimdə Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin psixoloqları, Penitensiar Xidmətin və Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak edir.
Qeyd edək ki, təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4., 5.1.10. və 5.3.9-cu bəndlərinə əsasən həyata keçirilir.