Yeniyetmə və gənclərlə "Erkən evlilik və qohumlar arasında nikahın mənfi nəticələri" mövzusunda növbəti görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə keçirilən görüşlərin davamı olaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri üçün erkən evlilik və qohumlar arasında nikahın mənfi nəticələri mövzusunda görüş keçirilib.
Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən evliliklər və qohumlar arasında bağlanan nikahlar digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə də narahatlıq doğuran aktual ailə məsələlərindən biri olduğunu qeyd edərək, belə halların törətdiyi mənfi nəticələr, onların qarşısının alınması üçün qəbul edilən normativ-hüquqi sənədlər, qanunvericiliyə edilən son dəyişikliklər barədə ətraflı məlumat verib, Dövlət Komitəsi tərəfindən görülən işlərdən iştirakçılara bəhs edib. K.Əliyeva yalnış stereotiplər əsasında yaranan erkən evlilik, qohum nikahlarla mübarizədəbütün cəmiyyət üzvlərinin fəal olmalarının vacibliyini vurğulayaraq, yeniyetmə və gənclərə öz tövsiyələrini verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib. Görüşlərdən ümumilikdə 200 nəfərə yaxın yeniyetmə və gənc faydalanıb.