“Yeni Yaranan Texnologiyalar: uşaqların cinsi istismar və zorakılıqdan müdafiəsi üçün təhlükələr və imkanlar” adlı tədbir və Lanzarota Konvensiyası Tərəflər Komitəsinin 43-cü iclası keçirilib
Paylaş:
BMT nin Vyana Ofisində baş tutan iclas və tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təmsil edib.
5 noyabr 2024-cü il tarixdə Avstriya hökumətinin Ədliyyə Nazirliyinin təşkilatçılığı və Tərəflər Komitəsinin üzvü olan milli və müstəqil ekspertlər, eyni zamanda akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən bacarıqların artırılması tədbiri plenar sessiya, daha sonra “İnkişaf edən Texnologiyalar”, “Təhdidlərin və cinayətkarın davranışının əhatə dairəsi”, “Texniki həllərin araşdırılması” və “Cavabların müəyyən edilməsi” adlı 4 panel sessiya ilə davam edib.
İclas Avstriyanın ədliyyə naziri xanım Alma Zadikin video-mesajı ilə başlayıb.
Daha sonra Lanzarota Komitəsinin sədri Maria Josenin və Avstriyanın Xarici İşlər Nazirliyinin Hüquq departamentinin rəhbəri və səfir Gregor Şusterçitin açılış nitqləri dinlənilib.
Panel sessiyalarda Kibercinayətkarlıq üzrə Avropa Komissiyasının, Evropolun, NecMec təşkilatının nümayəndələri bir sıra təqdimatlarla çıxış edərək uşaqlara qarşı artan “online” zorakılıq halları barədə məlumat veriblər.
İnterpolun nümayəndəsi “Qurban uşaqların məhkəmə dinləmələri” mövzusunda təqdimatla çıxış edərək bu proseslərdə yeni texnologiyaların, xüsusilə süni intellektdən istifadənin mümkünlüyünü diqqətə çatdırıb.
Nyu York Universitetinin professoru, Vyana Tibb Universitetinin Pediatriya üzrə Virtual Reallıq Laboratoriyasının rəhbəri və İsveçrənin Səhiyyə və Sosial Müdafiə Nazirliyinin rəhbər nümayəndəsi real keyslərdən istifadə edərək məsələnin psixoloji və sosial aspektlərindən bəhs edib, həmçinin reabilitasiya və ailə ilə işin aparılması barədə məlumat verib.
Komitənin aparat rəhbəti Ceyran Rəhmətullayeva tədbir barədə qeydlərini bildirərək, uşaqlara qarşı artan “online” cinayət hallarının qarşısının alınması üçün milli mexanizmlərin və intenet təhlükəsizliyi sisteminin gücləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda baş vermiş hallarla bağlı məktəb proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra Lanzarota Komitəsinin 43-cü iclası öz işini Konvensiyanın milli səviyyədə icrası və ilk monitorinq nəticələrinin müzakirəsi ilə davam etdirib. Həmçinin inkişaf etməkdə olan texnologiyaların köməyi ilə uşaqların cinsi istismar və zorakılıqdan qorunmasına dair Bəyənnaməyə dair layihə müzakirə edilib.
İclas müddətində ölkələrdə Konvensiyanın icrası istiqamətində aparılan işlər və müsbət irəliləyişlər barədə paneldə çıxış edən C. Rəhmətullayeva, Uşaq Streategiyası çərçivəsində hazırlanmış və yeni qəbul olunmuş sənədlər, qanunvericilikdə edilən ən son dəyişikliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, iclas öz işini 9 noyabradək davam etdirəcək.