Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və partiya fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə tədbir keçirilib

3 noyabr 2026 15:01

Paylaş:

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra ideoloji işin təbliği, qurultayda müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və partiya fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə tədbir keçirilib.

Zəfər günü ərəfəsində 3 noyabr 2026-cı il tarixində təşkil edilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin rəhbərləri, həmçinin “Ailəm Könüllüləri” iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi sükutla yad edilib.

Salamlama nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqillik və suverenlik siyasətinin dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin siyasi və ideoloji irsi əsasında formalaşan Yeni Azərbaycan Partiyası ölkənin vətənpərvər ziyalılarını, gənclərini və dövlətçilik ideyalarına sadiq insanlarını bir araya gətirən mühüm siyasi qüvvəyə çevrilib.

 

O, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, Yeni Azərbaycan Partiyasının regionun ən güclü və nüfuzlu siyasi təşkilatlarından biri kimi mövqeyini xüsusi vurğulayıb. Yeni Azərbaycan Partiyasının dövlətçilik ideyalarının təşviqində və ölkənin strateji hədəflərinin reallaşdırılmasında mühüm rolunu qeyd edib.

 

Bahar Muradova, həmçinin VIII Qurultayda müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin vacibliyini vurğulayaraq, müasir dövrdə ideoloji təhlükələrə qarşı milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkib.

 

Bahar Muradova çıxışında müasir dövrdə təkcə Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün təhdid yaradan proseslərə diqqət çəkib. O, xalqların birgə və yanaşı yaşamasına, sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasına mane olan tendensiyaların müşahidə edildiyini bildirib. O, bu gün Azərbaycanı təhdid edən çağırışların Yeni Azərbaycan Partiyasının (YAP) keçirilən qurultayında Prezident İlham Əliyevin nitqində ətraflı şəkildə diqqətə çatdırıldığını vurğulayıb. Qeyd edib ki, həmin məsələlər hər kəs tərəfindən gündəlik fəaliyyətin siyasi və ideoloji əsası kimi qəbul edilməli, həyata keçirilən işlərdə əsas istiqamət kimi rəhbər tutulmalıdır.

Təşkilatın fəaliyyətində Yeni Azərbaycan Partiyasının Nizamnaməsində, proqram sənədlərində və son qurultayda müəyyən edilmiş yeni hədəf və vəzifələrin əsas götürülməsinin vacibliyi vurğulanıb. Bildirib ki, əsas məqsəd partiyanın müəyyən etdiyi hədəflərə nail olmaqla yanaşı, bilavasitə aid olduqları sahənin inkişafına töhfə verməkdir.

Bahar Muradova qeyd edib ki, YAP üzvlüyü formal xarakter daşımamalı, partiyanın siyasi və ideoloji xətti gündəlik fəaliyyətin bütün istiqamətlərində qorunmalı və rəhbər tutulmalıdır. O, partiya üzvlərinin öz fəaliyyətlərinə məhz bu mövqedən yanaşmalı olduqlarını, siyasi prinsiplərin yalnız partiya iclaslarında və müzakirələrdə deyil, gündəlik iş prosesində də ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.

Çıxışında partiyanın yaradılmasında və inkişafında iştirak etmiş şəxslərin roluna da toxunan Bahar Muradova bildirib ki, təşkilatda YAP-ın quruculuğunda iştirak etmiş şəxslərin təmsil olunması xüsusi əhəmiyyət daşıyır. O, bu insanların partiyanın dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadıqlarını qeyd edib. Bahar Muradova təşkilatın fəaliyyətində könüllülərin iştirakını da yüksək qiymətləndirib. O, mürəkkəb və məsuliyyətli fəaliyyət istiqamətlərinə malik bir qurumda könüllü fəaliyyət göstərən gənclərin insanlara, Azərbaycan vətəndaşlarına xidmət missiyasını seçmələrinin təqdirəlayiq olduğunu bildirərək onlara təşəkkürünü çatdırıb.

Sonda o, hazırkı dövrdə insan kapitalının inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və sosial təminat məsələlərinin dövlət qarşısında duran əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın ölkənin siyasi həyatındakı mühüm rolundan, əldə olunan nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. O, partiyanın ideoloji xəttinin, milli dövlətçilik prinsiplərinin qorunmasında və möhkəmləndirilməsindəki əhəmiyyətini vurğulayıb.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, ölkədə mövcud olan siyasi və iqtisadi böhran, torpaqlarımızın işğalı, xalqın məcburi köçkünlük həyatı yaşaması və dövlətçiliyimizə qarşı yönəlmiş təhdidlər barədə ətraflı danışan M.Nağıyev bildirib ki, məhz belə mürəkkəb tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxmışdır. Partiyanın yaranması ölkənin gələcək taleyi, milli maraqların və dövlət müstəqilliyinin qorunması baxımından mühüm tarixi hadisə olmuşdur.

Çıxışda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində və dövlət quruculuğu prosesinin möhkəmləndirilməsində həlledici rol oynadığı qeyd edilib. Bildirilib ki, həmin dövrdə xalqın iradəsinə, milli birliyə və güclü liderliyə əsaslanan siyasət nəticəsində ölkəmiz üzləşdiyi çətinlikləri arxada qoyaraq inkişaf yoluna qədəm qoyub.

M.Nağıyev, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən bəhs edərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü bərpa etdiyini və xalqımızın uzun illər gözlədiyi tarixi ədalətin təmin olunduğunu vurğulayıb.

Sonda Azərbaycanın qarşısında duran əsas hədəflərin iqtisadi, hərbi və sosial inkişafın davam etdirilməsi, dövlətimizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi və ölkəmizin qüdrətli dövlət kimi gələcək inkişafının təmin olunması olduğu diqqətə çatdırılıb.

Yeni Azərbaycan Partiyası Səbail rayon Ü. Hacıbəyli 80 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, Partiyanın VIII Qurultayından sonra qəbul edilmiş mühüm qərarlara, YAP-ın yeni Proqramının əsas hədəflərinə, eləcə də Komitənin fəaliyyətinin partiyanın siyasi prioritetləri ilə uzlaşmasına diqqət çəkib. O bildirib ki, partiyanın yeni proqramı güclü dövlət, vətəndaş iştirakçılığı və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır.

T. İbrahimova Dövlət Komitəsinin kollektivində 36 nəfərin Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, onlardan 21-nin qadın, 17-nin isə rəhbər vəzifələrdə çalışan şəxslər olduğunu diqqətə çatdırıb. VIII Qurultaydan sonra partiyaya üzv olmaq istəyən əməkdaşların sayının artmasının partiyanın ideya və prinsiplərinə marağın, ictimai-siyasi proseslərdə iştirak istəyinin göstəricisi olduğunu vurğulayıb.

O, kollektivin partiyanın fəaliyyətində, rayon təşkilatının keçirdiyi tədbirlərdə, seçki proseslərində və müxtəlif ictimai təşəbbüslərdə fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, kollektiv üzvləri, o cümlədən partiya üzvü olmayan əməkdaşlar da keçirilən tədbirlərdə böyük həvəs və məsuliyyətlə iştirak ediblər. Xüsusilə gənclərlə iş, şəhid ailələrinin və qazilərin ailə üzvlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Qəbələ rayonu Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Nərmin Cabbarlı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən, dövlətçilik siyasətinin davamlılığından, milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizliyin qorunmasının əhəmiyyətindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısının proqram xarakterli nitqinə diqqət çəkərək, bildirib ki, xarici ideoloji təsirlərə və mənəvi təhdidlərə qarşı yeganə və ən güclü qalxanımız — milli-mənəvi dəyərlərimizdir. Biz gənc nəslin yalnız bilikli və savadlı deyil, ilk növbədə öz kökünə, adət-ənənələrinə, dövlətinə və milli ideallarına sadiq vətəndaş kimi yetişməsinə cavabdehik. Milli-mənəvi dəyərlərimiz bizim kimliyimizdir və bu dəyərlərin saflığını qorumaq həm dövlət, həm də cəmiyyət olaraq mənəvi borcumuzdur.

Mərkəz direktoru ailə institutunun cəmiyyətin mənəvi dayanıqlığının formalaşmasında mühüm rolunu xüsusi qeyd edərək, ailə dəyərlərinin qorunmasının, sağlam ailə mühitinin yaradılmasının, ailədaxili münasibətlərdə mənəvi-psixoloji dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıb. Qadınların cəmiyyətdə rolunun artırılması, uşaqların fiziki və mənəvi təhlükəsizliyinin qorunması, həssas kateqoriyadan olan ailələrə diqqət və qayğının göstərilməsinin ailə institutunun möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin 2026-cı il 23 iyun tarixli Sərəncamına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinin əməkdaşı Roza Şamıyevaya dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub. O? çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin təcəssümü olmasından bəhs edib. O, göstərilən diqqət və etimada görə təşəkkürünü bildirərək dövlət qulluğunda fəaliyyətini bundan sonra da məsuliyyətlə davam etdirəcəyini vurğulayıb.

Tədbir “Ailəm Könüllüləri”, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin nümayəndələri, eləcə də Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə müzakirələrlə davam edib. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafında, vətənpərvərlik ruhunda yetişməsində, milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin ictimai-siyasi fəallığının artırılmasında rolundan bəhs ediblər. Həmçinin gənclərin təşəbbüskarlığının dəstəklənməsi, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.