Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının uşaq və gənclərlə görüşü keçirilib.
Görüşün əsas məqsədi uşaq və gənclərdə milli-mənəvi dəyərlərin təbliği, ədəbiyyata marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi və yaradıcı düşüncənin təşviq edilməsi olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Misir Məmmədov qonaqları salamlayaraq dəvəti qəbul edib tədbirdə iştirak etdiyinə görə şairə təşəkkürünü bildirib, eyni zamanda təşkilatın yaranması və məqsədi haqqında da qısa məlumat verib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək bu cür görüşlərin əhəmiyyətini vurğulayıb, Uşaq Səfirlər Məclisinin fəaliyyəti barədə danışıb.
Uşaqlarla görüşdə Sabir Rüstəmxanlı öz həyat və yaradıcılığından bəhs edib, gəncləri daim oxumağa, düşünməyə və milli kimliyə bağlı qalmağa çağırıb.
İnteraktiv formatda keçən tədbirdə iştirakçılar Sabir Rüstəmxanlıya müxtəlif mövzularda suallar ünvanlayıb, onun fikirlərini və tövsiyələrini maraqla dinləyiblər. Görüş gənclərin fəallığı və yüksək marağı ilə yadda qalıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi