Vəkillər və hakimlər üçün məişət zorakılığı mövzusunda təlim uğurla yekunlaşıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlim başa çatıb.
Təlimdə Gender və İnkişaf üzrə Dünya Bankının eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil Xalisə Şahverdiyeva məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, həmçinin məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər mövzulara dair təqdimatla çıxış edib.
Təlim zamanı iştirakçılara iki müxtəlif məzmunlu keyslər təqdim edilib, daha sonra qruplarla iş şəklində müzakirələr davam edib.
İştirakçılar tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb, maraqlı fikir mübadiləsi aparılıb.
Təlimin başlanış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlim iştirakçılarına təşəkkür edib. Məişət zorakılığı ilə mübarizənin daim Dövlət Komitəsinin diqqət mərkəzində olduğunu, mütəmadi olaraq müvafiq istiqamətdə təhlil və araşdırmaların aparıldığını, həmçinin seminar və təlimlərin keçirildiyini bildirib.