Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin şagirdləri ilə görüş keçirilib

10 oktyabr 2024 15:32

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov, Səmra Əliyeva və klinik psixoloq Anara Quliyeva iştirak edib.

Görüş Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.5-ci “Dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, məşğulluqlarının təmin edilməsi ilə bağlı yardım və sosial-məsləhət yardımları göstərilməsinin davam etdirilməsi” bəndinin icrası məqsədilə keçirilib. 

Görüşdə internat məktəbinin yuxarı sinif şagirdləri ilə insan alveri, onun yaratdığı ciddi fəsadlar, ölkəmizdə mövcud məşğulluq proqramları, eləcə də, gənclərin sosial-psixoloji durumu mövzularında mütəxəssislərin çıxışları dinlənilib.

Müzakirələr ilə davam edən görüşdə şagirdlərə mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib, maarifləndirmə vəsaitləri təqdim edilib.