Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı brifinq keçirilib
Paylaş:
18 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinq keçirilib.
Brifinq zamanı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, zərərli informasiya riskləri və profilaktik tədbirlər barədə aktual məsələlər media nümayəndələrinin diqqətinə çatdırılıb.
Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov rəqəmsal mühitdə uşaq hüquqlarının və üstün mənafelərinin qorunmasının əhəmiyyətini qeyd edib. Yeni texnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə meydana çıxan təhlükələrdən danışıb. Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Uşaqların zərərli informasiyadan qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məqamları vurğulayıb, gələcəkdə ediləcək dəyişikliklərdən söz açıb. Bu sahədə dünya təcrübəsinin öyrənildiyini və gələcəkdə tətbiq ediləcəyini deyib.
Ekspert Şurasının fəaliyyətindən danışan Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağıyeva, Şuranın fəaliyyətinin əsasında beynəlxalq təcrübənin öyrənilməsinin dayandığını bildirib. O, 2025-ci il ərzində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtda fəaliyyət göstərən bir sıra əyləncə mərkəzi, oyun zalına baxış keçirildiyini, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verildiyini diqqətə çatdırıb.
Brifinqdə iştirak edən İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının üzvləri müvafiq sahədə görülən işlər barədə məlumat veriblər. Audiovizual Şuranın nümayəndəsi Ayxan Sadıqlı çıxışında vurğulayıb ki, uşaqların zərərli informasiyadan qorunması yalnız nəzarət və cəza mexanizmləri ilə məhdudlaşmamalı, eyni zamanda media subyektlərinin məsuliyyətli davranışı və cəmiyyətdə ictimai şüurun formalaşdırılması ilə daha effektiv şəkildə təmin olunmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Fatimə Eyyub uşaqların zərərli informasiyadan qorunması sahəsində milli qanunvericiliyə əsasən yayımlanması məhdudlaşdırılan məlumatlarla bağlı rəqəmsal xidmətə cavabdeh olan təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib.
Brifinqin sonunda baş tutan sual-cavab sessiyasında uşaqların sosial mediada və internet məkanında təhlükəsizliyinin təmin edilməsi sahəsində görüləcək tədbirlərlə bağlı suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi