Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində maarifləndirici görüşlər davam etdirilir

12 mart 2024 11:55

Paylaş:

Elm və Təhsil Nazirliyinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi” mövzusunda maarifləndirici görüşlər davam etdirilir. 

Nərimanov rayonu 45, Xətai rayonu 245 nömrəli məktəblərdə və Səbail rayonu 2 nömrəli Texniki Humanitar liseydə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova   milli-mənəvi, ailə dəyərləri, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, gələcək nəsillərə milli-mənəvi dəyərlərin aşılanmasının vacibliyi haqqında danışıb. Daha sonra, G.Məmmədova  erkən nikahların, qohum evliliyinin, qızların təhsildən yayındırılmasının səbəbləri, qarşısının alınması və bu problemlərin cəmiyyətə və insanlara mənfi təsirləri barədə fikirlərini səsləndirib.

Həmçinin Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi və Aprel döyüşlərinin iştirakçıları Anar Məmmədov və Arif Hacıyev, məktəb direktorları çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar.  

Tədbirlərdə iştirakçılara mövzuya uyğun olaraq “Ailə bir ağacdır” və “Xoşbəxtliyin açarı” qısametrajlı filmləri nümayiş etdirilib. 

Tədbirlərdə ümumilikdə 350 nəfər  iştirak edib.