“Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakı” mövzusunda təlim keçirilib
Paylaş:
2 mart 2026-cı il tarixində Şirvan şəhər Gənclər evində “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndinin icrası məqsədilə “Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakı” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rəfael Nəsirov tədbirin məqsədi barədə məlumat verib, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının vacibliyi barədə danışıb.
Şirvan Gənclər Evinin direktoru Aytac Əliyeva çıxışında bu cür tədbirlərin uşaqların fəallığının artırılması və onların fikir və təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyətini qeyd edib.
Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, uşaqların maraqlarının qorunmasının hüquqi və etik məsuliyyət olduğunu vurğulayıb. O, qeyd edib ki, uşaqların iştirak hüququ real mexanizmlərlə təmin edilməli, fikirləri qərarvermə prosesində nəzərə alınmalı və maraqlarından hər hansı formada sui-istifadəyə yol verilməməlidir.
Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Misir Məmmədov ictimai iştirakçılığın müxtəlif səviyyələri, təhsil, ailə və icma mühitdə tətbiqi barədə uşaqlara ətraflı məlumat verib.
Təlim interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Sonda mövzuya uyğun maarifləndirici materiallar paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi