“Uşaqların İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Uşaq hüquqlarının müdafiəsi sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə növbəti maarifləndirici tədbirlər həyata keçirilib.
Tədbirlər Bakı şəhəri 286 və 64 saylı tam orta məktəblərdə, həmçinin Bakı Slavyan Universiteti nəzdindəki məktəb-lisey kompleksində baş tutub.
6–8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşlərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, zərərli informasiyadan qorunma üsulları, sosial şəbəkələrdə davranış mədəniyyəti və texnologiyalardan sağlam istifadə vərdişləri barədə geniş məlumat verilib.
Maarifləndirici sessiyalar zamanı sosial videoçarxlar nümayiş etdirilib, maarifləndirici çap vəsaitləri paylanılıb.
Keçirilən tədbirlərdən ümumilikdə 700-ə yaxın şagird faydalanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi