Uşaq Səfirlər Məclisi nümayəndələrinin və fəal uşaqların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə regionlarda təlimlər keçirilb

18 aprel 2024 09:22

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16-17 aprel 2024-cü il tarixlərində Xızı Heydər Əliyev Mərkəzində və Xaçmaz şəhər 6 saylı orta məktəbdə Uşaq Səfirlər Məclisinin nümayəndələri və fəallıqları ilə seçilən uşaqlar üçün təlim proqramı təşkil edilib.

Salamlama nitqi ilə çıxış edən Xızı və Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri Komitənin regionlarda uşaqlar üçün təşkil etdiyi maarifləndirici təlimlərin əhəmiyyətini vurğulayıblar.

Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə tərəfindən “Təhlükəsiz internet üçün maariflənək” mövzusunda keçirilən təlimlərdə informasiya dövründə internetin faydalı cəhətləri, eləcə də zərərli təsirləri və mənfi hallarla mübarizə istiqamətində məlumatlar diqqətə çatdırılıb.

Təqdimatda informasiya təhlükəsizliyinin təmin edilməsi, uşaqların sosial şəbəkələrdən və ümumilikdə, internetdən düzgün istifadəsinin təşviq edilməsi, spam xarakterli və viruslu onlayn proqramların və mesajların ayırd edilməsi, güclü şifrələrin yaradılması haqqında məlumat verilib.

S. Rəsulzadə qeyd edib ki, internetin uşaqlara mənfi təsirləri sırasında fiziki və psixoloji xəstəliklərin yaranması, asılılıq və zərərli vərdişlərə aludəçilik hallarının baş verməsi, insan alverinin qurbanı olma, real həyatdan və ailədən uzaqlaşma və digərləri yer alır. O vurğulayıb ki, valideynlərdən heç bir məlumatın gizlədilməməsi və internetdən düzgün istifadənin məktəblilər arasında təşviq edilməsi vacib məsələdir.

Daha sonra Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli Uşaq Səfirlər Məclisi nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi, təlimçi kimi bilik və bacarıqlarının artırılması məqsədilə uşaqlara bu kimi təlimlərin davamlı olması üçün təmsil etdikləri rayon və məktəblərdə öz həmyaşıdlarına da keçmələrini tövsiyə edib.

İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, informasiya təhlükəsizliyinin təmin edilməsi və internetin zərərli təsirlərindən müdafiə ətrafında səhnəciklər nümayiş etdiriblər.

Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.