Uşaq Səfirlər Məclisi nümayəndələrinin və fəal uşaqların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə insan alveri mövzusunda onlayn təlim keçirilib

25 aprel 2024 10:59

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 aprel 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri, həmçinin Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi regionlarından olan nümayəndə və fəalların iştirakı ilə təlim proqramı təşkil edilib.

Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin Ananlitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Günel Məhərrəmzadə müasir dövrün böyük narahatlıq törədən problemlərindən olan insan alveri və ona qarşı aparılan mübarizə barədə məlumat verib. Əlavə edib ki, bununla bağlı ölkəmizdə hüquqi-normativ baza müəyyən edilib. O, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildiyini diqqətə çatdırıb.

 Uşaqların həyata keçirilən maarifləndirmə prosesinə, həmçinin öz həmyaşıdları arasında təbliğat işlərinə cəlb edilməsinin müsbət nəticələrindən bəhs edən G.Məhərrəmzadə bildirib ki, bu məqsədlə mütəmadi olaraq həm Məclisin üzvləri, həm də regionlar üzrə nümayəndələrin təlimçi kimi formalaşdırılması üçün tədbirlər həyata keçirilir.

Daha sonra ekspert qismində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis pokovnik-leytenantı İbrahim Əhmədov çıxış edərək, idarənin yaranması və fəaliyyəti haqqında məlumat verib. O, “insan alveri” anlayışının mahiyyətini açaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından bəhs edildiyini bildirib.

Tədbirdə insan alverinin müxtəlif formalarından: cinsi istismar, köləlik, məcburi əmək, insan orqanlarının alveri və s. haqqında söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb. Qeyd olunub ki, bu kimi hadisələrlə üzləşdikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 150 qaynar xəttinə müraciət edilməlidir.

Daha sonra Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli Uşaq Səfirlər Məclisi nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi, təlimçi kimi bilik və bacarıqlarının artırılması məqsədilə uşaqlara bu kimi təlimlərin davamlı olması üçün təmsil etdikləri rayon və məktəblərdə öz həmyaşıdlarına da keçmələrini tövsiyə edib.

100-ə yaxın uşağın iştirak etdiyi təlimin sonunda İ.Əhmədov tərəfindən suallar cavablandırılıb.