Uşaq hüquqlarının müdafiəsi mövzusunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün regional təlim keçirilib
Paylaş:
24 aprel 2026-cı il tarixində İsmayıllı rayonunda uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübəli yerli mütəxəssislər (vəkil və psixoloq) tərəfindən “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün regional təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən təlimdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Ağsu və Göyçay rayon polis şöbələrinin və rayon prokurorluqlarının məsul əməkdaşları iştirak edib.
İştirakçılara Azərbaycan Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayət prosesinin gedişatı zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiəsinin (dəstək) təminatı, cinayət təqibi orqanlarının istintaq zamanı uşaqlarla davranış qaydaları ilə bağlı məlumatlar verilib.
Sonda Dövlət Komitəsi tərəfindən hazırlanmış “Prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranışa dair” Metodik vəsait paylanılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi