“Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib
Paylaş:
14 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığı çərçivəsində “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib.
Tədbirin məqsədi açıq hökumət prinsiplərinin təşviqi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyanın qarşısının alınması, uşaqların rəqəmsal xidmətlərdə iştirak imkanlarının genişləndirilməsi, bu sahədə mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin, bərabər imkanlarının və inklüziv iştirakının təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O, uşaqların rəqəmsal xidmətlərdə bərabər və təhlükəsiz iştirakının təmin edilməsinin, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Kibertəhlükəsizlik haqqında” qanunların bu sahədə hüquqi bazanı möhkəmləndirdiyini bildirib. Qeyd edib ki, uşaqların hüquqlarının təminatı yalnız qanunvericilik səviyyəsində deyil, eyni zamanda rəqəmsal innovasiyalar, ictimai hesabatlılıq və açıq idarəetmə prinsipləri vasitəsilə həyata keçirilməlidir.
Aynur Sofiyeva həmçinin Komitə tərəfindən həyata keçirilən rəqəmsal layihələr, maarifləndirici proqramlar və uşaq hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslər barədə məlumat verib. O, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın yaradılmasının uşaqlarla bağlı məlumatların daha operativ və şəffaf idarə olunmasına, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət etdiyini bildirib.
A.Sofiyeva Komitə tərəfindən uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif layihlərin, o cümlədən “İTi Zəka” hakatonunun keçirildiyini vurğulayıb. Həmçinin uşaq iştirakçılığının artırılması istiqamətində Uşaq Səfirlər Məclisinin yaradıldığı və bu təşəbbüslərin uşaqların hüquqlarının təmin olunmasına xidmət etdiyi diqqətə çatdırılıb. Aynur Sofiyeva uşaqların rəqəmsal iştirak platformasının yaradılması, əlilliyi olan uşaqlar üçün əlçatan rəqəmsal interfeyslərin hazırlanması və valideynlər üçün maarifləndirmə proqramlarının tətbiqinin vacibliyini qeyd edib. Sonda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin və iştirakının artırılmasının, dövlət xidmətlərində şəffaflığın gücləndirilməsinin uşaqlar üçün daha ədalətli gələcəyin qurulmasına mühüm töhfə olacağını deyib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı çıxışı zamanı 2022-2025-ci illər ərzində uşaq hüquqları ilə bağlı 65 layihənin icra olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın demək olar ki, bütün regionlarında həyata keçirilən layihələr uşaq hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, təhsil imkanlarının yaxşılaşdırılması, təhsildən yayınmanın qarşısının alınması, sosial reabilitasiya və inteqrasiya mövzularını əhatə edib.
Daha sonra məruzəçilər müvafiq mövzular üzrə təqdimatla çıxış ediblər.
Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icra olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Uşaq hüquqlarının müdafiəsi istiqamətində süni intellekt texnologiyalarının tətbiqi və elektron xidmətlərin mahiyyəti haqqında məlumat verib. Uşaq hüquqları sahəsində rəqəmsal şəffaflığın, kibertəhlükəsizliyin təmin olunması ilə bağlı təklifləri səsləndirib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Vəfa Yaqublu Nazirlik tərəfindən uşaqların internetdən təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, yaradılan rəqəmsal platformaların təhsil prosesinə gətirdiyi üstünlükləri diqqətə çatdıraraq bildirib ki, bu alətlər həm valideynlər, həm də şagirdlər üçün məlumatların daha operativ, şəffaf və əlçatan şəkildə təqdim olunmasına xidmət edir.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyev, uşaq hüquqlarının təmin olunması sahəsində rəqəmsal islahatlardan danışarkən, “Elektron Prokurorluq İnformasiya Sistemi” barədə məlumat verib. Bu sistemin vətəndaşların, o cümlədən uşaqların müraciətlərinin daha çevik qeydiyyata alınmasının əhəmiyyətini qeyd edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Aydan Hüseynli isə uşaqların rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri və rəqəmsal savadlılığın təşviqi üzrə görülən işlər barədə məlumat verib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Elmir Ağasoy öz təqdimatında rəqəmsal hökumətdə şəffaflığın artırılması, uşaqlar üçün inklüziv iştirak imkanlarının genişləndirilməsi və təhlükəsiz rəqəmsal mühitin qurulması üzrə aparılan işləri diqqətə çatdırıb. Məruzədə həmçinin açıq məlumatların əlçatanlığı, uşaq dostu rəqəmsal xidmətlər və dövlət qurumları arasında data mübadiləsinin gücləndirilməsi istiqamətində planlaşdırılan addımlar vurğulanıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Nərmin Əliyeva təqdimatında səhiyyə xidmətlərinin elektronlaşdırılması, rəqəmsal səhiyyə platformalarının yaradılması və bu istiqamətdə görülən işlərin əhəmiyyətindən bəhs edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Günay Vəliyeva bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, uşaq hüquqlarının təmin edilməsi istiqamətində reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun üzvü , “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli uşaq hüquqlarının təmin edilməsi istiqamətində ictimai təşkilatların fəaliyyəti barədə danışıb.
Çıxışlarda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların açıq hökumət və elektron xidmət platformalarına çıxış imkanlarının artırılması və bu prosesdə dövlət qurumları ilə QHT-lərin birgə əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda keçirilən müzakirələr zamanı iştirakçılar uşaqların rəqəmsal maarifləndirilməsinin gücləndirilməsi, onların rəqəmsal xidmətlərdə iştirak səviyyəsinin artırılması, kibertəhlükəsizlik bacarıqlarının inkişafı və açıq hökumət təşəbbüslərində iştirakının stimullaşdırılması, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün rəqəmsal inklüzivlik platformalarının yaradılması ilə bağlı təkliflərini bölüşüblər.
Tədbirdə 44 qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.
Konfransda çıxış edən məruzəçilərin təqdimatları ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (təqdimat)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (təqdimat)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (təqdimat)
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi(təqdimat)
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi