“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Parlamentin müzakirəsinə təqdim edilib

28 yanvar 2026 15:26

Paylaş:

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 28 yanvar 2026-cı il tarixində keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib.

Sədr bildirib ki, müzakirəyə təqdim olunan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan mühüm hüquqi sənəddir.

B.Muradova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş mövcud qanun uzun illər bu istiqamətdə mühüm rol oynasa da müasir tələblər yeni yanaşmaları zəruri edir. İnsan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq müvafiq sahədə də yeni yanaşmaların formalaşdığını vurğulayan Komitə sədri, daha effektiv, aydın və icrası mümkün mexanizmlərə ehtiyac yarandığını bildirib.

Son illər ərzində Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm instutisioal və hüquqi islahatların həyata keçirildiyinə diqqət çəkən B.Muradova, qanunvericilikdə təsbit olunmuş uşaq hüquqlarının real həyatda təmin edilməsi və qorunmasının əsas məqsəd olduğunu bildirib. Vurğulayıb ki, bu prosesin mərkəzində uşağın üstün mənafeyi, ayrı-seçkiliyin yolverilməzliyi və uşaq hüquq və azadlıqlarına hörmət kimi fundamental prinsiplər dayanır.

Komitə sədri qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və onun Fəaliyyət Planı bu sahədə islahatların əsas yol xəritəsidir. Strategiyanın icrası çərçivəsində 11 qanunvericilik aktı qəbul edilib, 2020–2025-ci illəri əhatə edən birinci fəaliyyət planı uğurla başa çatdırılıb, hazırda isə ikinci fəaliyyət planı hazırlanır.

Yeni qanun layihəsinin məhz Strategiyanın 2020–2025-ci illər üzrə Fəaliyyət Planının 5.1.2-ci bəndinin icrası məqsədilə hazırlandığını deyən sədr, sənədin 16 dövlət orqanı ilə razılaşdırıldığını bildirib: “Layihə 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin məqsədlərini, dövlətin əsas vəzifələrini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən mexanizmləri və uşaq hüquq və azadlıqlarının dövlət təminatlarını əhatə edir”.

Komitə sədri  bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsində ilk dəfə olaraq “uşağın üstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq” və “cismani cəza” anlayışlarının hüquqi tərifləri verilir, həmçinin cismani cəzanın yolverilməzliyi açıq şəkildə təsbit olunur, internet mühiti və bulinq daxil olmaqla uşaqlara qarşı zorakılığın yeni formaları tənzimlənir. O, əlavə edib ki, layihədə uşaqlara qarşı zorakılıq halları barədə məlumat verməyən şəxslər üçün məsuliyyət mexanizmləri, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və müdafiəsi üzrə profilaktik tədbirlər, yuvenal ədliyyə sisteminin əsas prinsipləri, multidissiplinar yanaşma, psixoloqun məcburi iştirakı və uşaqların məxfiliyinin qorunması ilə bağlı mühüm təminatlar da öz əksini tapır.

B.Muradova qanun layihəsinin qəbulunun uşaq hüquqlarının müdafiəsində vahid, müasir və uşaqyönümlü yanaşmanın formalaşmasına, eləcə də beynəlxalq öhdəliklərin daha dolğun icrasına və uşaqların təhlükəsiz, ləyaqətli və rifah içində böyüməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. H.Hüseynova əlavə edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib.

O qeyd edib ki, ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulmuş, uşaq hüquqlarının müxtəlif aspektlərini özündə əks etdirən qanunlar qəbul edib, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görüb: "Lakin proses dayanmır. Elə bu gün biz yeni bir qanun layihəsini müzakirə edirik. Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən uşaqların hüquqlarının daha effektiv müdafiəsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalanıb”.

Uşaq hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən olduğunu qeyd edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daima bu istiqamətdə kompleks islahatların həyata keçirildiyini, qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsi, sosial layihələrin icrası, ümumilikdə uşaqların layiqli həyat səviyyəsinin təmini sahəsində mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

S.Əliyeva bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquqi islahatların məntiqi davamı olaraq yaranan yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış yeni Qanun layihəsi özündə uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları ehtiva edir. O əlavə edib ki, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki,“Uşaq hüquqları haqqında” qüvvədə olan qanun 30 ilə yaxın müddətdir qəbul edilib və dünyadakı proseslər, çağışlar onun yenilənməsini zəruri edir. O qeyd edib ki, həm ümumilli lider Heydər Əliyev, həm ölkə prezidenti İlham Əliyev daim uşaqların inkişafına, formalaşmasına, tərbiyəsinə, sağlamlığına, mədəniyyətinə böyük diqqət yetiriblər:“Təəssüf ki, müasir dünyada uşaqların qorunması prosesi çox ciddi problemlərlə üzləşir. Halbuki insan hüquqlarının fundamental dəyərə çevrildiyi müasir dünyada cəmiyyətin ən həssas qruplarından biri uşaqlardır və onların hüquqları və rifahı beynəlxalq gündəmdə əsas yer tutur.

Nazir müavini vurğulayıb ki, bütün bu çağırışlar maraqlı tərəfləri, dövlət strukturlarını, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini və hətta özəl sektorları da narahat edərək, onların birgə səylərini gündəmə gətirir və birgə səylərlə bu çağırışların qarşısını almaq olar.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə ilə bağlı çıxışında bildirilib ki, diqqət yetirilməli olan əsas məqamlardan biri sənədin Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununun tələblərinə tam uyğun şəkildə hazırlanmasıdır. Qeyd olunub ki, bu yanaşma layihənin hüquqi baxımdan əsaslı və sistemli olmasını təmin edir.

Şöbə müdiri vurğulayıb ki, layihənin mühüm xüsusiyyətlərindən biri isə anlayışlarla bağlı müddəaların ilk dəfə ayrıca şəkildə təsbit edilməsidir: “Belə ki, hazırda qüvvədə olan “Uşaq hüquqları haqqında” qanunda anlayışları əhatə edən maddə mövcud olmadığı halda, yeni layihə milli qanunvericiliyə 11 yeni anlayışın daxil edilməsini nəzərdə tutur”.

Sonda yeni sənəd ətrafında fikir mübadiləsi aparılıb və layihə parlamentin plenar iclasına tövsiyə olunub.