“Uşaq Hüquqları Aylığı” çərçivəsində himayədar ailə institutu barədə tədbirlər keçirilib

30 oktyabr 2025 16:50

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlər tərəfindən 20-30 oktyabr 2025-ci il tarixlərində kənd və qəsəbələrdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Himayədar ailə” institutu barədə maarifləndirici görüşlər keçirilib.

Görüşlərin keçirilməsində məqsəd cəmiyyətdə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, hüquqlarının müdafiəsinin gücləndirilməsi və uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılmasıdır.

Tədbirlərdə Mərkəzlər, Rayon İcra Hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, himayədar valideynlər və icma sakinləri iştirak ediblər.

Çıxış edənlər “Uşaq Hüquqları Aylığı”nın əhəmiyyəti, uşaq hüquqları istiqamətində həyata keçirilən tədbirlər, alternativ qayğı modelinin uşaqların sosial müdafiəsində rolu, himayədər ailə olmaq üçün müraciət qaydaları barədə ətraflı məlumat veriblər.

Mövzu ilə əlaqəli sosial çarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.