“Uşaq hüquqları aylığı” çərçivəsində “Hər kəs üçün təhlükəsiz internet” mövzusunda maarifləndirici tədbir keçirilib

18 noyabr 2025 11:38

Paylaş:

Uşaq hüquqlarının müdafiəsi sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.

18 noyabr 2025-ci il tarixində Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsi, 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Hər kəs üçün təhlükəsiz internet” mövzusunda növbəti tədbir keçirilib.

Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov, Ləman Mahmudova, Könül Tağızadə rəqəmsal məkanda davranış qaydaları, internetdə təhlükəli situasiyaların tanınması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik mövzularında çıxış ediblər.

Tədbirlər çərçivəsində iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın əsas məqsədləri və virtual sistemlərin təkmilləşdirilməsi haqqında məlumat verilib. 

Həmçinin tədbirdə iştirak edən Uşaq Səfirlər Məclisinin üzvləri  iştirakçılara uşaq hüquqları, onların müdafiəsi və müraciət mexanizmləri barədə danışıb, hüquqlardan təhlükəsiz və düzgün şəkildə istifadə qaydalarının əhəmiyyətini vurğulayıblar.

Sonda mövzuyla bağlı sosial çarx nümayiş etdirilib və uşaqlara məlumatlandırıcı çap vəsaitləri paylanılıb.