“Uşaq əməyinin ən pis formalarının qarşısının alınması” mövzusunda təlim keçirilib

2 may 2024 16:32

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının ən pis formalarının qarşısının alınması” mövzusunda Abşeron-Xızı, Qazax-Tovuz, Şəki-Zaqatala regionları üzrə icra hakimiyyətləri əməkdaşlarının iştirakı ilə onlayn təlim keçirilib.

Koordinasiyalı işin gücləndirilməsi, problemlərin müzakirəsi və həlli yolları istiqamətində fikir mübadiləsi aparmaq məqsədi ilə keçirilən təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli mövcud problemlər, həyata keçirilməsi vacib olan məsələlər barədə məlumat verib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri Əminə Vahabova, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəis müavini Tural Gözəlov, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev ekspert qismində çıxış edərək, iştirakçılara uşaq əməyinin ən pis formaları və istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi, eləcə də əməyə məcbur edilən uşaqların müəssisələrə yerləşdirilməsi barədə geniş məlumat veriblər.

Yerli icra hakimiyyəti orqanlarının 50-yə yaxın əməkdaşının iştirak etdiyi təlimin sonunda ekspertlər tərəfindən suallar cavablandırılıb. 

Qeyd edək ki, uşaq hüquqlarının mühafizəsi istiqamətində mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə digər aktual mövzularla bağlı təlimlər davam edir.