“Uşaq əməyinə qarşı mübarizədə koordinasiya və birgə fəaliyyət” mövzusunda iki günlük təlim keçirilib
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq, uşaq hüquqlarının qorunması istiqamətində qurumlararası əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq əməyinə qarşı mübarizədə koordinasiya və birgə fəaliyyət” mövzusunda iki günlük təlim başa çatıb.
19-20 noyabr 2026-cı il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Əmək Müfəttişliyinin, Dövlət Məşğulluq Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin həmçinin rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, eyni zamanda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edib.
Tədbirin açılışında çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova iştirakçılara mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.
Daha sonra ekspertlər tərəfindən “Uşaq əməyi hallarına səbəb olan amillərin analitik təhlili” mövzusunda aparılmış tədqiqatın nəticələri təqdim olunub və tədqiqata dair çap materialları iştirakçılara paylanılıb.
İki gün davam edən təlim çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü, Böyük Britaniyanın Esseks Universitetinin doktorantı Fərid Ədilov və müstəqil tədqiqatçı Ramil Məmmədov tərəfindən iştirakçılar üçün uşaq əməyi halları aşkar edildikdə görüləcək tədbirlər, bu sahədə milli və beynəlxalq qanunvericiliyin praktikada tətbiqi, eləcə də milli kontekstə uyğun effektiv yanaşmaların müəyyənləşdirilməsi istiqamətində qrup işləri aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi