Türkiyə Spastik Uşaqlar Vəqfinin rəhbər və mütəxəssisləri Dövlət Komitəsində olublar
Paylaş:
29 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva erkən uşaqlıq dövründə inkişafla bağlı üç günlük təlim çərçivəsində Türkiyədən dəvət edilən mütəxəssislər - Metin Sabancı Özel Eğitim və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapist Turqay Arı, Türkiyə Spastik Uşaqlar Vəqfinin özəl təlim eksperti Mehmet Ala, uşaq inkişafı mütəxəssisi Nazan Özen, fizioterapevt-mütəxəssis Özge Karanlık ilə görüşüb.
Qonaqları salamlayan Ceyran Rəhmətullayeva, onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Türkiyə Spastik Uşaqlar Vəqfinin ölkə miqyasında gördüyü işlərə diqqət çəkən aparat rəhbəri, bu təcrübənin Azərbaycan üçün də oduqca maraqlı olduğunu bildirib.
Ötən gündən etibarən ölkəmizdə fəaliyyət göstərən bir qrup uşaq mütəxəssisləri üçün keçirilən təlimin üç istiqamət üzrə davam etdiyini bildirən Aparat rəhbəri, belə təlimlərin əhəmiyyətini vurğulayıb. C.Rəhmətullayeva, həmçinin Dövlət Komitəsində Regional İnkişaf İctimai Birliyi və UNİCEF-in tərəfdaşlığı ilə fəaliyyət göstərən “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)” Portalının fəaliyyət istiqamətlərindən bəhs edib.
Səmimi qarşılamaya görə təşəkkürlərini bildirən qonaqlar, Türkiyədə Spastik Uşaqlar Vəqfinin fəaliyyətindən danışıblar. Qeyd edilib ki, zəlzələdən sonrakı dövrdə Mərkəz vasitəsilə ehtiyacı olan uşaqlara müvafiq yardımlar həyata keçirilir.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və müvafiq sahədə reallaşdırılması mümkün layihələr ətrafında müzakirə aparılıb.