Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun bağlanış mərasimi keçirilib

12 iyun 2025 20:53

Paylaş:

Öncə Gənc Ailə Forumu çərçivəsində Türk Dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib.

Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, hər iki məhsuldar günün qarşılıqlı təcrübə mübadiləsi baxımından yalnız Azərbaycanın deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının müvafiq sahə nazirlərinin fəaliyyət istiqamətində yaddaqalan olduğunu qeyd edib.

Komitə sədri Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına ünvanladığı müraciətə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, bütün türk dünyası ailələrinə, gənc ailələrə münasibətinə, xüsusən də qadınlara, onların cəmiyyət və ailə həyatındakı roluna verdiyi qiymətə görə dərin minnətdarlığını ifadə edib.

Ötən il İstanbul şəhərində baş tutan birinci iclas çərçivəsində imzalanmış birgə Bəyannaməyə diqqət çəkən sədr, bu dövr ərzində sənəddə əksini tapan bəndlərin icrası ilə bağlı ikitərəfli və çoxtərəfli formatda işlərin həyata keçirildiyini qeyd edib. Vurğulayıb ki, üzv ölkələr həm milli miqyasda, həm də türk dünyası səviyyəsində bu vəzifələrin ardıcıl və sistemli şəkildə yerinə yetirilməsində tam qətiyyət nümayiş etdirirlər.

B.Muradova qeyd edib ki, ailələrin sosial rifahının və dayanıqlığının təmin olunmasına xüsusi diqqət yetirilməlidir. Qarşıda duran məsələlərin uğurla həllinə nail olmaq üçün üzv ölkələr və tərəfdaş qurumlar ortaq imkanlarını səfərbər etməli, mövcud resursları səmərəli şəkildə yönəltməlidirlər.

Çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, güclü sosial siyasətlər müqavimət əsaslı və davamlı Türk dünyasının çiçəklənməsi üçün vacibdir. İclasda məhsuldar fikir mübadiləsinin aparıldığını vurğulayan K.Ömüralıyev, hazırki dövr üçün əldə olunan inkişaf mərhələsinin daha da gücləndirilməli olduğunu və müştərək hədəflərə çatmaq üçün çiyin-çiyinə addımlamağın vacibliyini diqqətə çatdırıb.

Sonda iclasda fəal iştiraklarına görə Təşkilata üzv və müşahidəçi dövlətlərə təşəkkürünü bildirən Baş katib, hər bir ölkənin səyləri və töhfəsinin uğurlu nəticələrə gəlmək üçün zəmin olduğunu bildirib.

Mərasim bədii hissə ilə davam edib.