Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası keçirilib

12 iyun 2025 15:46

Paylaş:

12 iyun 2025-ci il tarixində “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda keçirilən iclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, TDT-nin yaranmasından keçən dövr ərzində regional və beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, üzv ölkələr arasında birliyi və inteqrasiyanı təşviq etməkdə davam edir. O, təşkilat çərçivəsində əldə olunan nəticələrin yeni dünya nizamının çağırışlarına qarşı ortaq güc və birgə cavab hazırlığı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. 

Çıxışında ailə institutunu cəmiyyətin təməl daşı adlandıran B. Muradova, ailə siyasətinin hər bir dövlətin strateji prioriteti olmalı olduğunu vurğulayıb. O, Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olduğunu, ənənəvi ailə modelinin müasir çağırışlara davamlılığını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, dövlət səviyyəsində mühüm qanunvericilik bazasının yaradıldığı, icra mexanizmlərinin formalaşdırıldığı və müvafiq proqramların qəbul edildiyi qeyd edib. 

Komitə sədri həmçinin qadının ailə və cəmiyyətdəki roluna diqqət çəkərək, qadınların yalnız ailə daxilində deyil, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bildirib. Ənənəvi ailə modelinin qorunması ilə yanaşı, qadınların liderlik və sahibkarlıq sahəsində dəstəklənməsinin əhəmiyyətini vurğulayan sədr, qadın siyasətinin yalnız hüquq məsələsi kimi deyil, həm də sosial ədalət, milli davamlılıq və gələcək nəsillərin rifahı kontekstində qiymətləndirilməli olduğunu qeyd edib. 

“Güclü qadın – güclü ailənin, güclü ailə isə güclü cəmiyyətin təməlidir,” – deyə vurğulayan Bahar Muradova toplantının əsas müzakirə mövzusu olan “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunun əhəmiyyətinə diqqət çəkib.  Sonda ailənin qorunmasına yönəlik fəaliyyətlərin təşviqi, qadınların səlahiyyətləndirilməsi və iqtisadi gücləndirilməsi, məşğulluq sahəsində sahibkarlığın və innovasiya əsaslı layihələrin dəstəklənməsi, xüsusilə qadınlara qarşı zorakılıqla mübarizədə “sıfır tolerantlıq” prinsipinə uyğun təcrübələrin paylaşılması ilə bağlı təklifləri səsləndirib və iştirakçı ölkələrin nümayəndələrini sıx əməkdaşlığa və ortaq təşəbbüslərlə birgə irəliləməyə dəvət edib.  

Çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev uğurlu ev sahibliyinə görətəşəkkür edib, üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın daim təşviq və tətbiq olunduğunu deyib.

Türk dünyasında ailə təsisatının önəminə diqqət çəkən K.Ömüralıyev, müasir çağırışlar fonunda ailənin, xüsusilə gənc ailələrin gələcəyini dəstəkləmək məqsədilə birgətədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb:“Nəsillər boyunca birliyini, böyüklərə hörməti və ailə üzvləriarasında dərin bağlılığı qoruyub saxlamışıq. Bu günsürətlə dəyişən dünyada bu dəyərlər hər zamankındandaha önəmlidir. Ailənin mövqeyini qorumaqla biz eynizamanda qadınlara, uşaqlara və gənclərə müasirçağırışlarla mübarizə aparmaqda dəstək oluruq. Bu, cəmiyyətimizin gələcəkdəki balansını təmin etməyə köməkedir. Bu gün keçirilən görüş təşkilatımızın sosial siyasət vəailə ilə bağlı gündəliyinin həllinə dair birgə öhdəliyindəmühüm addım hesab olunur.

Birinci iclasdan keçən dövr ərzində ortaq hədəflər və məqsədlər çərçivəsində ciddi nailiyyətlərin əldə edildiyini bildirən TDT Baş katibi, inklüziv gələcəyə yönəlik layihələrin həyata keçirilməsi, qurumlararası əməkdaşlığın və dayanıqlılığın təmin edilməsi hər qarşıda duran önəmli məsələ adlandırıb.

İclasda Türkiye Cümhuriyyeti Ailə və Sosial Xidmətlər naziri xanım Mahinur Özdəmir Göktaş,

Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Ailə və Gənclər Məsələləri Komitəsinin sədri Kayrat Kambarov,

Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Kyial Zhanuzakova, Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması nazirinin müavini Turdiboyeva Rano, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova və Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlunun çıxışları dinlənilib. 

Yekunda Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının birgə Kommunike sənədi yekdilliklə qəbul edilib.

Daha sonra Sənədin imzalanma mərasimi baş tutub.

Sənəddə Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti görüşünün 2026-ci ildə Qazaxıstanda keçirilməsi, eyni zamanda təklif edilən digər məsələlər öz əksini tapıb.