“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda görüşlər keçirilib

13 iyun 2025 17:58

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi il 2025-ci ilin may-iyun ayları ərzində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.
35, 144 nömrəli tam orta məktəblərdə, Humanitar fənlər təmayüllü məktəb-liseydə və İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşlərd' 407 nəfər iştirak edib.
Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim -mütəxəssisi Pərvin Quliyeva çıxış edərək, sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər, ziyanlı vərdişlərin gənclərin reproduktiv
sağlamlığına göstərdiyi mənfi təsirlər, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlər, ailə planlaşdırılmasının vacibliyi, erkən və qohum nikahların fəsadları haqqında danışıblar.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra “Erkən nikaha son”, “Genofondumuzu qoruyaq” adlı sosial çarxlar nümayiş etdirilib.