TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib

Paylaş:
11 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasına hazırlıq məqsədilə TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib.
TDT baş katibinin müavini Ömər Kocaman iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, daha sonra iclasın Birgə Kommunike sənədinin müddəalarını diqqətə çatdıraraq təkliflərini verib.
İclasın moderatoru Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva qonaqları salamlayaraq, TDT-nin Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin və ekspertlərin 2-ci iclasının gündəlikləri barədə məlumat verib. C.Rəhmətullayeva daha sonra, ötən il İstanbul şəhərində keçirilən 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkəmizdə görülən işlər və həyata keçirilən dövlət ailə siyasətindən danışıb. O bu sahədə reallaşdırılan layihə və tədqiqatlar barədə məlumat verərək, onların xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.
Aparat rəhbəri qeyd edib ki, hazırda Komitə tərəfindən bu sahənin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi "Ailə Konsepsiyası” hazırlanır.
Çıxışının sonunda C. Rəhmətullayeva Komitənin bu sahədə bütün tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Daha sonra ekspertlər 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkələrində görülmüş işlər barədə məlumatları diqqətə çatdıraraq, gündəlikdə duran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.
İclasın sonunda Birgə Kommunike sənədinə ekspertlər tərəfindən verilən təkliflər müzakirə edilərək, yekun sənəd razılaşdırılıb.