Sumqayıtda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 29 oktyabr 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonları üzrə nümayəndələri və fəalları üçün “Liderlik bacarıqları” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqların iştirakçılıq hüququnun təmin edilməsinin, onların təşəbbüskarlığının dəstəklənməsinin və həmyaşıdları arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Uşaqdan-uşağa” prinsipi əsasında təşkil olunan təlimlər uşaqların bilik və bacarıqlarının inkişafına, fəal vətəndaşlıq mövqeyinin formalaşmasına, eləcə də onların ictimai proseslərdə iştirakının genişləndirilməsinə xidmət edir. O qeyd edib ki, layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi uşaqlarda təhlükəsiz internet istifadəsi və fərdi məlumatların qorunması ilə bağlı bilikləri artırmaq, inkişaf hüquqlarının təşviqində təşəbbüskarlığı və iştirakçılıq bacarıqlarını, eləcə də liderlik və komanda ilə işləmək qabiliyyətlərini inkişaf etdirməkdir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Fidan İbrahimova çıxışında layihənin uşaqların həmyaşıdlarından öyrənməsi, sosial bacarıqlarının inkişafı və fəal vətəndaşlıq mövqeyinin formalaşması baxımından əhəmiyyətini qeyd edib, iştirakçıların fəallığını və təşəbbüskarlığını yüksək qiymətləndirib.
Təlim proqramı çərçivəsində “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov internetdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat verib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Tərlan Əhədzadə və Fatimə Sultanlı tərəfindən liderlik, komandada işləmək və əməkdaşlıq bacarıqlarının inkişafına həsr olunmuş interaktiv təlim keçirilib.
Təlimlərin davamında iştirakçılar komandalara bölünərək intellektual oyunda bilik və bacarıqlarını nümayiş etdiriblər.
Sonda təlimlərdə fəal iştirak edən uşaqlara sertifikatlar təqdim edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi