“Su və gender bərabərliyi” mövzusunda konfrans uğurla başa çatıb

16 oktyabr 2024 16:26

Paylaş:

“Su və gender bərabərliyi” mövzusunda konfransın rəsmi açılışından sonra “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” mövzusunda panel sessiya öz işinə başlayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarainin moderatorluq etdiyi panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirə keçirilib.

Panelin spikerləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Ekologiya Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev, FAO-nun ölkə üzrə rəhbərinin müavini Bariz Mehdiyev mövzu üzrə çıxış ediblər.

Çıxışlarda suya əlçatanlığın ən əsas insan hüquqlarından biri olduğu, ölkəmizdə su təminatı, su ehtiyatlarından səmərəli istifadənin iqlim amilinin nəzərə alınaraq təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin qadınların su ehtiyatlarının idarə edilməsində, iqlim liderliyinin təşviqində böyük rol oynaya biləcəyi, bu istiqamətdə təşəbbüs və layihələrdə vətəndaş cəmiyyətinin rolu barədə danışılıb.

Spikerlərin çıxışları dinlənildikdən sonra iştirakçıların sualları cavablandırılıb və konfransın işinə yekun vurulub.

Qeyd edək ki, konfransda dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri eləcə də tələbələr iştirak edib.