Şəmkir və Bərdədə maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 16 may 2024-cü il tarixdə yerli icra hakimiyyətlərinin dəstəyi ilə Şəmkir rayon Kimya-biologiya təmayüllü liseydə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda və 20 may 2024-cü il tarixdə Bərdə Peşə Liseyində “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tələbə, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə çıxış edən Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Azərbaycanda əhali artımının təmin olunması, ailələrin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, ölkədə reproduktiv sağlamlıq hüquqlarının təmin olunması, ailə planlaşdırılmasının vacibliyi, ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya uyğunlaşması istiqamətində görülən işlərdən bəhs edib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova, reproduktiv sağlamlığın əsas amillərindən, hamiləliyin süni yolla pozulmasının fəsadlarından danışıb, ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələrini verib.
Sonda iştirakçıların sualları cavablandırılıb. Görüşlərdən 270 nəfər faydalanıb.