Sədaqət Qəhrəmanova “Gender sahəsində ədalətdən davamlı sülhə doğru: 25 illik baxış” adlı yüksək səviyyəli beynəlxalq konfransda iştirak edib

Paylaş:
12-13 iyun 2025-ci il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən beynəlxalq konfrans BMT Təhlükəsizlik Şurasının 1325 nömrəli qadın, sülh və təhlükəsizlik mövzusunda qətnaməsinin qəbulunun 25 illiyinə həsr olunub.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının, həmçinin qadınların sülh və təhlükəsizlikdə rolunun inkişafı məqsədilə qlobal çərçivə yaratmış BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin icrası istiqamətində beynəlxalq konvensiyaların, minilliyin inkişafı məsələlərini əhatə edən aktların qəbulunu gender bərabərliyi sahəsində qlobal səviyyədə əldə edilən mühüm nəticələrimiz olduğunu qeyd edib. Həmçinin bildirib ki, qadınların sülh və təhlükəsizlik sahəsindəki rolunun artırılması ilə bağlı fəaliyyət Azərbaycanda gender bərabərliyi, gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərin görülməsi məqsədilə qəbul edilmiş qanunvericilikdə öz əksini tapır.
S.Qəhrəmanova ölkəmizdə aparılan dövlət qadın siyasəti, eləcə də gender bərabərliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib.
Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə bütün humanitar hüquqi normalara və beynəlxalq müharibə qaydalarına əməl etdiyini diqqətə çatdıran S.Qəhrəmanova, münaqişə dövründə heç bir mülki infrastrukturun və dinc əhalinin hədəfə alınmadığını vurğulayıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərə diqqət çəkən sədr müavini, bu parlaq qələbənin dünya üçün nümunə olduğunu qeyd edib.Azərbaycanın tarixi Qələbə yolunun beynəlxalq təşkilatlar və hərbi ekspertlər tərəfindən öyrənilməsinin vacibliyini əlavə edib.
O, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılması, minalardan təmizlənməsi və insanların təhlükəsiz qayıdışının təmin edilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Çıxışının sonunda Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin öhdəliklərini də özündə ehtiva edən gələcək fəaliyyətin qadınların bütün sahələrdə bərabər iştirakına töhvə verəcəyinə inamını ifadə edib.
Konfransda altı tematik sahə üzrə panel müzakirələri aparılıb, çıxışlar dinlənilib.
Daha sonra "Yardım və bərpa:humanitar müdaxilə və münaqişədən sonra yenidənqurmada qadınların rolu"na dair interaktiv qrup müzakirələrində ölkəmizdən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl çıxış edib.
İnteraktiv qrup müzakirələrində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə qələbə əldə etdikdən sonra öz doğma torpaqlarına qayıdan əhalinin, xüsusən qadın və qızların təhlükəsiz yaşamaq hüququnu bərpa etmək, onların öz yaşayış yerlərinə uğurlu reinteqrasiyasını təmin etmək üçün bütün zəruri addımlar atılır. O, Vətən müharibəsindən sonra yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə qəbul edilmiş dövlət proqramlarından bəhs edib. Qeyd edib ki, dövlət proqramlarında ərazilərdə ailə, qadın və uşaq problemlərinin həlli, habelə hədəf şəxslərin müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə icma resurs mərkəzlərinin və ailə mərkəzlərinin yaradılması, gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi tədbirləri öz əksini tapır.
Qeyd edək ki, Bosniya və Herseqovinanın İnsan Hüquqları və Qaçqınlar üzrə Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının, BMT Baş Katibinin Sülh Quruculuğu Fondunun və Danimarka Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil edilən konfransda hökumət nümayəndələri, vətəndaş cəmiyyəti liderləri, beynəlxalq təşkilatlar bir araya gəlib.