Sədaqət Qəhrəmanova Düşənbədə keçirilən beynəlxalq forumda iştirak edib
Paylaş:
26-27 noyabr 2024-cü il tarixində Tacikistanın paytaxtı Düşənbədə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) “SPECA Regionunda Yaşıl İnkişaf” mövzusuna həsr olunmuş İqtisadi Forumu keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova SPECA iştirakçı dövlətlərinin hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatları, maliyyə institutlarını və digər müvafiq tərəfdaşları bir araya gətirən Forumda iştirak edib. O, çıxışı zamanı Azərbaycanda bu sahədə olan problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrdən danışıb. Azərbaycanın bütün dünya üçün prioritet olan yaşıl keçid platformasının əsas iştirakçılarından biri olduğunu vurğulayan S.Qəhrəmanova, bir neçə gün öncə ölkədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən, o cümlədən günəş və su enerjisindən səmərəli istifadənin təmin edilməsi istiqamətində layihələr həyata keçirilir.
Sədr müavini, iqtisadi siyasətin formalaşdırılmasında gender bərabərliyinin əsas rolunun dayanıqlı inkişafa töhfə verməklə yanaşı, ədalətli hüquq və imtiyazları təmin etməsi olduğunu qeyd edib, qadınların yaşıl iqtisadiyyatda iştirakını məhdudlaşdıran struktur maneələrin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də onların inkişaf etməkdə olan yaşıl bazarlarda uğur qazanmasının təmin edilməsi istiqamətində mümkün həll yollarından danışıb.
Qeyd edək ki, Forumda SPECA iştirakçı dövlətlərində yaşıl iqtisadi inkişafı dəstəkləmək üçün regional əməkdaşlığın artırılması məqsədilə potensial imkanlar müzakirə edilib, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və SPECA regionunun firavan gələcəyini təmin etmək üçün iqtisadi artımın ekoloji dayanıqlılığa uyğunlaşdırılmasına, eləcə də ekoloji səmərəliliyin artırılmasına kompleks yanaşmaya diqqət yetirilib.